
AFFA Azərbaycan futbolunda VAR (videoköməkçi hakim) sistemindən yararlanmaq niyyətindədir.
Sportnet.az xəbər verir ki, bu barədə CBC Sport-a qurumun baş katibi Elxan Məmmədov açıqlama verib. O bildirib ki, AFFA-nın martın 4-də keçiriləcək Konfransında VAR-ın təqdimatı olacaq. Konfrans müsbət rəy versə, bu istiqamətdə işlərə başlanılacaq: "Öncə Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət edərək, belə bir istəkdə olduğumuzu bildirəcəyik. Cavab böyük ehtimalla müsbət olacaq. 3 həftə ərzində cavabı aldıqdan sonra tender elan edəcəyik. Hazırda VAR sisteminin quraşdırılması ilə məşğul olan 3 şirkət var. Tender prosesinin yekunu 3-4 ay çəkə bilər. Daha sonra 10 ay ərzində təlimlər tətbiq olunacaq və nəhayət, VAR praktik tətbiq olunacaq".
E.Məmmədov onu da vurğulayıb ki, VAR sistemi bahalı olsa da, bütün dünya futbolunda tətbiq olunmalıdır.