"Şadam ki, "Astana"ya qayıtdım. Bura hər zaman mənə rahat olub. İnsanlarla çox yaxşı münasibətlərim var. Mən də hamıya yaxşı yanaşıram. Gedişimin səbəbinə gəldikdə, bu, artıq çoxdan unudulmuş əhvalatdır. Onu geridə buraxıb irəli gedirik. Bizi qarşıda yaxşı şeylər gözləyir".
Sportnet.az-ın məlumatına görə, bunu Qazaxıstan "Astana"sının baş məşqçisi Roman Qriqorçuk sports.kz-yə müsahibəsində deyib. Ukraynalı mütəxəssis mövsümlərarası fasilədə komandanı bir sıra çox vacib oyunçunun tərk etdiyini bildirib: "Burada hansısa neqativə işarə vurmaq istəməzdim. Futbolda müxtəlif hadisələr olur. Bizdən gedən bir sıra vacib oyunçular barədə çox danışa bilmərik. Bu, futbol həyatıdır və belə hallar da olur. Komandanı tam komplektləşdirmək üçün seleksiya addımları atmağa çalışdıq. Bu iş hələ başa çatmayıb. Komandamıza gələn və əvvəlcədən də olan bütün uşaqlardan razıyam. Onlara çox inanıram və fikrimcə, biz yüksək nəticələrə birgə nail olmalıyıq".
Qriqorçuk özünün olmadığı müddətdə komandaya rəhbərlik etmiş Qriqori Babayan və digər sələflərinin işini şərh etmək istəmədiyini vurğulayıb. O, öz baxışlarının olduğunu söyləyib: "Heç bir inqilab, heç nə olmayacaq. Demək istərdim ki, komandanın oyunu zənginləşəcək. Oyunumuz rəngarəng olmalıdır. Komandamız oyunu idarə etməli, aparmalıdır. Bu isə əlavə edəcəyimiz məqamlar olmadan mümkün deyil. Hər zaman nəyisə daha da yaxşılaşdırmaq lazımdır. İrəlidə buna doğru çoxlu vəzifə var".
Baş məşqçi orta sahədə "Qarabağ"a icarəyə verilmiş Riçard Almeydanın əvəzinə Yuri Loqvinenkodan yararlanacağını açıqlayıb. O, hələ seleksiya işlərini başa vurmadıqlarını da deyib: "Biz komandanı gücləndirəcək oyunçular axtarırıq. O cümlədən də mərkəz xəttinə".
Qeyd edək ki, Roman Qriqorçuk "Astana"ya 2018-ci il iyunun 1-də baş məşqçi təyin olunub. Lakin o, avqustun 17-də şəxsi problemlərini səbəb göstərərək, vətəni Ukraynaya yollanıb. Qriqorçuk komandaya yalnız qış fasiləsində qayıdıb.