
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raundunda mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv Rusiyada təşkil olunan turnirdə bu gün ilk oyununu keçirib. I qrupda mübarizə aparan komanda ilk sınağında meydan sahibləri ilə üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Qrupda ilk turun digər oyununda İrlandiya Rumıniyanı darmdağın edib - 5:0.
Azərbaycan millisi növbəti oyununu martın 23-də İrlandiyaya qarşı keçirəcək. Rusiya isə həmin gün Rumıniya ilə qarşılaşacaq.
Qeyd edək ki, U-19 elit-raunda vəsiqəni 2018-ci ilin noyabrında Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş seçmə mərhələdən əldə edib. Daha sonra kollektiv Türkiyə və İspaniyada təlim-məşq toplanışlarında olub, çoxlu yoxlama oyunu keçirib.
14 - 27 iyulda Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.
AVRO-2019-un elit-raundu
I qrup
20 mart
18:00. Rusiya - Azərbaycan - 0:0
Hakimlər: Adrian Jakotte, Vital Jobin (hər ikisi İsveçrə), Balaj Şert, Adam Farkaş (hər ikisi Macarıstan)
Krasnodar Akademiyasının stadionu
İrlandiya - Rumıniya - 5:0