"Bu, peşəkar həyatımızda əla bir gecə idi. Bütün futbolçularım və öz ailəm adına elə şadam ki... Onlar mənim uğrumda vuruşaraq bu qələbəyə nail oldular. Onlar buna hamıdan çox layiqdirlər".
Sportnet.az-ın məlumatına görə, bunu Çempionlar Liqasını qazanan İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp finalda "Tottenhem" üzərində 2:0 hesablı qələbə qazandıqları görüşdən deyib.
"Siz hətta çəndə yanacaq qurtardıqda belə mübarizə aparan belə bir komandanı nə vaxtsa görmüsünüz? Bizim əla qapıçımız Alisson Bekker var ki, onun sayəsində çətin işlər asanlaşır" deyən almaniyalı mütəxəssis bu qələbənin komandasının inkişafı və təkmilləşməsi baxımından vacibliyini dilə gətirib: "Klubumuzun sahibləri bizə heç vaxt təzyiq göstərməyiblər. Adətən, oyundan 20 dəqiqə sonra bir qədər sərxoş oluram. Amma indi mənim yalnız suyum var".
Qeyd edək ki, "Liverpul" Avropanın ən nüfuzlu klub turnirində 6-cı dəfə qalib olub. "Tottenhem"lə matçda qolları Məhəmməd Salah (penalti ilə) və Divok Origi vurub. Bu, Yurgen Kloppun baş məşqçi karyerasında ilk beynəlxalq titul olub.