"Zirə"nin baş məşqçisi Samir Abasov Türkiyədə Rumıniya "Konkordiya"sı ilə keçirdikləri yoxlama oyunu barədə fikirlərini bölüşüb. Sportnet.az xəbər verir ki, 41 yaşlı mütəxəssis qolsuz başa çatan görüşdə hesabın elə də vacib olmadığını vurğulayıb.
Abasov futbolçulardan istədiklərini tam ala bilməsə də, ən azı "Zirə"nin oyun üslübuna yaxınlaşmağın gərəkliyini bildirib: "Bakıdakı qarşılaşmalardan fərqli Türkiyədəki görüşlərdə bu məqsədi güdürdük. Bilmək istəyirdim ki, futbolçular həm hücumda, həm də müdafiədə nələr edəcək. Yaxşı imkanlarımız oldu, bəzən pis də çıxış etdik. Amma bu, bizi narahat etmir. Futbolçuları başa düşürəm, komanda ilk məşqlərdən sonra meydana yorğun halda çıxmışdı. Komandaya gec qoşulan Anastasios Papazoğlu, Soni Norde və Miloş Bakraç tam hazır deyil. Onlar da yavaş-yavaş bu oyunlarda formaya düşəcək".
Baş məşqçi heyətə qoşulan gənclərdən razılıq ifadə edib: "Xoş hal o oldu ki, gənc komandalarımızdan da bir neçə futbolçu bizimlədi. Bu gün də onlardan ikisi meydana da çıxdı. 16 yaşı olmağına baxmayaraq, Cəlal Hüseynov bu gün yaxşı təsir bağışladı. Həmçinin Kənan Cəfərov da pis təsir bağışlamadı".
Abasov tam güclə hazırlaşdıqlarını, qarşıda isə daha 3 yoxlama oyununun olduğunu vurğulayıb: "Ümid edirəm ki, Premyer Liqanın startına kimi hər şey daha da yaxşı olacaq".