
Tiflis “Dinamo”sunun legioneri Kvame Karikari Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibə verib.
Sportnet.az xəbər verir ki, 27 yaşlı qanalı hücumçusu həm ikinci hissədə meydana daxil olduğu qarşılaşma, həm də "Neftçi"dən gedişi haqda danışıb.
- Qarşılaşma necə keçdi?
– Çətin görüş keçdi. Yaxşı oyun nümayiş etdirdik. Nizamlı oynadıq və qalib gəldik.
– Belə qələbəni gözləyirdiz?
– Oyundan öncə düşünmürdük ki, meydana çıxanda 2-3 top vurub, qalib gələk. Ancaq hədəfimiz qələbə idi. Növbəti mərhələyə yüksəlmək üçün səfərdə qalib gəlmək önəmli idi.
– Növbəti mərhələni təmin etdiyinizi demək olar?
– Bu, futboldur, nəsə demək çətindir. Futbolda istənilən hesab qeydə alınır. Deyə bilmərəm ki, növbəti mərhələni təmin etmişik. Cavab matçında da bu cür oynamalıyıq.
– “Neftçi”dən gedişin gözlənilməz oldu. Oyunun alınmadı, yoxsa baş məşqçi Roberto Bordin şans vermədi?
– “Neftçi”də özümü xoşbəxt hiss edirdim. Nəinki baş məşqçi Roberto Bordinlə, başqası ilə də problemim olmayıb. Sadəcə, baş məşqçi mənə şans vermədi. Mən isə bunu qazanmağı arzulayırdım. Bordin inanmadı, mən də oynamaq üçün getdim.
– Səudiyyə Ərəbistanı klubundan icarədən qayıdandan sonra “Neftçi”də niyə qalmadın? Müqavilən hələ bitməmişdi.
– “Neftçi” ilə danışdım. Baş məşqçi mənə planlarında olmadığımı, ehtiyac duymadığını dedi. Buna görə də, getməyə qərar verdim. Belə vəziyyətdə qala bilməzdim.