“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya “Dandolk”u ilə Bakıda keçirəcəyi cavab oyunu üçün standart biletlərin hamısı satılıb.
Sportnet.az xəbər verir ki, bu barədə “Report”a klubun mətbuat katibi Nurlan İbrahimov bildirib. Onun sözlərinə görə, azarkeşlər qiyməti 2, 5 və 10 manat olan biletlərin hamısını alıblar. Satışda yalnız az sayda VİP sektor üçün 50 manatlıq biletlər qalıb.
Bu gün matçın keçiriləcəyi “Dalğa Arena”da standart yerlərin sayı 6700, VIP yerlərin sayı isə 610-dur. Bundan başqa, stadionda 11 skybox var.
Qeyd edək ki, “Qarabağ” “Dandolk”la cavab görüşünə azarkeşlər üçün xüsusi avtobuslar ayırıb. Saat 18:30-dan 19:45-dək 10 dəqiqəlik intervalla “Koroğlu” metrostansiyasından matçın keçiriləcəyi “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək. “Qarabağ” loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu”ya geri qaytaracaq.
Qarşılaşma saat 21:00-da başlayacaq. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.