Azərbaycan milli komandasının futbolçusu Elvin Yunuszadə Norveç yığması ilə Avro-2016-nın seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Görüş haqda nə deyə bilərsiniz?
- Ümumiyyətlə, Norveç yaxşı komandadır, onların oyununa bələd idik. Düzdür, məğlub olduq, amma inanmıram ki, pis oynadıq. Məncə, komandamız yaxşı oynadı. Bu oyun, hardasa, gələcək oyunlara da ümid verir. Özümüz də məyusuq. İlk 3 oyunda məğlub olmuşduq, təəssüflər olsun ki, yenə xalsız qaldıq, alınmadı. İnşallah, gələcək oyunlarda xal qazanarıq. Məncə bu gün azarkeşlərimiz də gördü ki, doğrudan da pis oynamayıb məğlub olduq.

- Oyundan qabaq da bilirdiniz ki, Norveç əsasən hava ötürmələrinə, atletik futbola üstünlük verir və bu gün də qolu elə standart vəziyyətdən vurdular...
- Açığı, axır vaxtlar standart vəziyyətlərdən çox qol buraxmışıq. Yəni, bunun üstündə işləmək lazımdır. Səhvlərimizi düzəltmək lazımdır.
- Mahmud Qurbanov komandada nə dəyişiklik edib?
- Məncə, bu gün axır üç oyunda oynamadığımız qədər çox topla oynadıq. Çoxdandır bu qədər topla oynayıb müqavimət göstərmirdik. O biri oyunlarda hardasa müqavimət göstərə bilməyib məğlub olurduq, amma bu oyunda dedik ki, biz də varıq.
- Gələcək oyunlarla bağlı fikriniz nədir?
- Hazırlıq üçün vaxtımız çox olacaq. Bu səhvləri, əsasən də standart vəziyyətlərdə olan qüsurları düzəldəcəyik. İnanıram ki, yenə də deyirəm, bugünki oyunumuz gələcəkdəki oyunlarımız üçün bizə ümid verəcək.
- Komanda yoldaşların oyundan əvvəl "üçüncülük uğrunda” danışırdı. Dörd oyuna dörd məğlubiyyət. Hansı nəticədən danışa bilərik?
- Əgər oynayırıqsa, gərək məqsədimiz olsun. Fərqi yoxdur, şans az da olsa, çox da olsa, gərək biz bilək ki, nə üçün oynayırıq, nə üçün vuruşuruq. Ona görə hələ də, belə deyək, bir faiz də şansımız olsa, axıra qədər dirənək, vuruşaq, oynayaq.
- Hazırda da üçüncülük uğrunda mübarizə aparırsınız?
- Çox çətin olacaq, bəlkə də doxsan faiz bitib, futbol elədir ki, sən gücünü qalan on faizə verməlisən.
- AFFA rəhbərliyi qərar qəbul edib ki, xarici baş məşqçi olacaq, necə qəbul edirsən, yerli qalsın, yoxsa xarici baş məşqçi olsun?
- Kim gəlsə, hörmətlə yanaşırıq.
- Ruslan Abışov əvəzlənəndə yavaş-yavaş gedirdi, sanki vecinə deyildi uduzmağımız...
- Yox, əlbəttə, elə deyil. Yəqin ki, yorğunluqdan belə edib. Mən özüm görmədim, amma Ruslan elə futbolçu deyil. İnanmıram ki, elə bir şey eləsin.