
"Futbolçularımı təbrik edirəm. Çox ağır qrafikdəyik. Onları hər oyuna motivasiya etmək çətindir. Həm fiziki, həm də psixoloji yorğunluq var. Bu gün bunu hiss etdim və normal qəbul edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın VI turunda evdə "Sumqayıt"ı 2:0 hesabı ilə üstələdikləri matçdan sonra söyləyib. 47 yaşlı mütəxəssis futbolçuları oktyabrın 3-də Avropa Liqasının II turunda Lüksemburqda "Düdelanj"la oyuna qədər tam hazır etməyə çalışacaqlarlarını bildirib: "Mahir Emrelinin həmin görüşə qədər fiziki durumuna baxacağıq. Rəşad Sadıqovun bir az temperaturu vardı. Ona görə bu gün meydana buraxmadıq. Onunla bağlı problem yoxdur".
Qurbanov səfər matçında "Düdelanj"a qalib gəlmək istədiklərini də diqqətə çatdırıb: "Düdelanj"ın Kiprdə APOEL-i 4:3 hesabı ilə məğlub etməsi bizə ciddi düşünməyə əsas verir. Biz bütün oyunlara qələbə üçün çıxırıq. Rəqib buna nə qədər imkan verəcək, bunu zaman göstərəcək".