
Almaniyanın “Bavariya” klubu Xosep Qvardiolanın baş məşqçi postuna qaytarılma variantına baxmağa hazırdır.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun yeni prezidenti Herbert Hayner açıqlama verib. 65 yaşlı funksioner ispaniyalı mütəxəssisi müqavilə üzrə İngiltərənin “Mançester Siti” klubuna məxsus superməşqçi adlandırıb. O, klubunun idarəçiliyinin yenidən təşkil edildiyini bildirib və baş məşqçi məsələsində bir qədər gözləməyi tövsiyə edib.
Qeyd edək ki, “Bavariya” noyabrın 4-də Niko Kovaçı uğursuz nəticələrə görə istefaya göndərib. 2013 – 2016-cı illərdə “Bavariya”ya rəhbərlik etmiş Xosep Qvardiolanın “Mançester Siti” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Onun illik maaşı 19,5 milyon funt sterlinq təşkil edir.