
"Bir çox gənc futbolçuları sınaqdan çıxardıq. Bu, oyunun əvvəllərində özünü göstərdi. Matça istədiyimiz kimi başlaya bilmədik. Sonradan çoxlu imkanlar yaratdıq. Rəqibin də təhlükəli əks-hücumları oldu".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Milan Obradoviç "Dalğa Arena"da Ukrayna ilə 1:1 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra CBC Sport-a açıqlamasında deyib. Serbiyalı mütəxəssis qələbə qazanmaq üçün kifayət qədər vaxtlarının olmadığını bildirib.
Obradoviç oyundan-oyuna artırdıqlarını bildirib: "Ümumilikdə oyundan razıyam. Oyunçuların hamısı ilk dəfə idi ki, birgə oynayırdılar. Oyundan-oyuna inkişafımız rəqibləri qıcıqlandırır. Onlar bura gəlirlər ki, asanlıqla xal alsınlar. Amma onların qarşısını alırıq".
Baş məşqçi onu da vurğulayıb ki, 2020-ci ilin martında keçirəcəkləri rəsmi oyunlaradək yenə yoldaşlıq görüşündə qüvvələrini sınaya bilərlər: "Eyni zamanda indiyəqədərki oyunlarımızı analiz edəcəyik".