
“Uşaqlar oyuna yaxşı başladılar. Necə hazırlaşmışdıqsa, o cür də start götürdük. Qollardan sonra da epizodlarımız oldu. Hesab məni qane edir. Oyunçuların istəklərindən razı qaldım. Bunun da nəticəsində qələbə qazandıq”.
Sportnet.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Zaur Həşimov evdə "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- “Keşlə”də yığmadan qayıdanların vəziyyəti pis deyildi. Sizdə isə əksinə oldu. Fərq nədədir?
- Əslində, rəqibin heyətində Vüsal İsgəndərli gözümə pis dəymədi. Biz Elvin Camalov və Cavid Hüseynova daha çox istirahət vermişdik. Bəlkə də üstünlüyümüz bunda oldu.
- Birdən-birə sırf iki hücumçunu meydana buraxmaqla riskə getmişdiniz, yoxsa rəqibin üslubuna uyğun addım atmışdınız?
- Mfo Kqasvane yorğun idi, yığmadan qayıdıb. Amma yorğun olmasaydı belə, Xulio Sezar Rodriges zədədən qayıdıb, yaxşı durumda idi. İstənilən halda iki hücumçu ilə oynayacaqdıq.
- Qış fasiləsində heyətdə dəyişiklik olacaqmı?
- Bu uşaqlarla davam edəcəyik. Çalışacağıq ki, komandanı gücləndirək. Hazırkı heyətdən tam razıyam, onlara iradım çox deyil. Qışda rəhbərliklə danışacağıq. İmkan daxilində çalışacağıq ki, heyəti gücləndirək. Kimisə göndərmək barədə düşünmürəm.
- Nicat Süleymanova “qardaş” deyə səslənirdiniz. Bizdə baş məşqçilər adətən kobud ifadələr işlədirlər. Bu münasibət sizə mane olmayacaq?
- Kobudluq mənə xas xüsusiyyət deyil. Hərdən qardaş kimi danlayırıq, balans qurmağa çalışırıq.
- Çempionatda ilk qələbəniz idi. Bu, necə hissdir?
- Qələbə hər zaman sevindiricidir. Bundan əvvəlki iki heç-heçə də qələbəyə bərabər idi. Eyni hissləri yaşadım. Uşaqlar göstərdilər ki, komandanın potensialı əvvəlki nəticələr kimi deyil.
- Seçim olsaydı, hədiyyəni kimə verərdiniz?
- Adrian Skarlatake və Cavid Hüseynova.