İspaniya La Liqasında X turdan təxirə salınmış "Barselona" - "Real Madrid" görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kamp Nou"da təşkil olunmuş mövsümün ilk El-Klasikosu qolsuz yekunlaşıb - 0:0.
Görüş kataloniyalı fanatların etiraz aksiyaları şəraitində keçib. 56-cı dəqiqədə meydana 10-larla rezin ton atılıb. Bu, İspaniya polisinin ötən küçə aksiyalarında etirazçılara atdığı rezin güllələrə işarə olub. Bundan başqa stadion qarşısında Kataloniyanın İspaniyadan ayrılması çağırışları ilə aksiya keçirilib. Qarşılaşmanın yenidən təxirə salınma ehtimalı olsa da, yerli bələdiyyə gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə kifayətlənib.
Əzəli rəqiblərin duelində əsas vaxtı belə hesabla bitən sonuncu görüş 2011-ci ilin aprelində qeydə alınıb. Həmin vaxt "Real Madrid" əlavə vaxtda qalib gələrək İspaniya Kubokunu qazanıb. "Kamp Nou"da isə qolsuz bərabərlik 17 il əvvəl - 2002-ci ildə gerçəkləşib.
Qeyd edək ki, 17 oyundan sonra "Barselona" və "Real Madrid" hərəyə 36 xalla ilk 2 yeri bölüşürlər. Kataloniya təmsilçisi daha çox top vurduğu üçün birincidir. Üçüncü pillədə isə Avropa Liqasında "Qarabağ"ın rəqibi olmuş "Sevilya" 31 xalla qərarlaşıb.