Futbol üzrə Uels millisi AVRO-2020-nin Bakıda İsveçrə ilə keçirəcəyi oyunundan bir həftə əvvəl yoldaşlıq oyununa çıxacaq.
Sportnet.az "Walesonline" nəşrinə istinadən xəbər verir ki, Rayan Giqqzin baş məşqçi olduğu komanda iyunun 6-da Rotterdamda Niderland yığması ilə üz-üzə gələcək.
Uels martın 27-də Avstraliya ilə, martın 30-da isə ABŞ-la yoldaşlıq matçlarında qüvvəsini sınayacaq. Hər iki görüş Kardiffdə olacaq.
Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.