"Hazırkı durumdan çıxmalıyıq. Çünki mövsümün sonunda 30 xal bizə bəs etməyə bilər. Artıq bu oyunu unudub, növbəti turda "Osnabryük"lə matçı düşünməliyik".
Sportnet.az xəbər verir ki, bu sözləri Almaniyanın "Ertsegebirge" klubunun futbolçusu Dmitri Nazarov II Bundesliqanın XXII turunda evdə "Holşteyn" komandasına 1:2 hesabı ilə uduzduqları oyun haqqında danışarkən deyib.
Azərbaycan milli komandasının üzvü bildirib ki, buraxdıqları 2-ci qol onu narahat edir: "İlk hissədə şanslarımız olsa da, hesabı qonaqlar açdı. Əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Nəticədə rəqib bizi cəzalandırdı. Oyunda istənilən nəticə qeydə alına bilərdi. Məni daha çox buraxdığımız 2-ci top narahat edir. Rəqib o qədər futbolçunun arasından bizə qol vurmamalıydı. Həmin qol komandamızı "sındırdı". Buna baxmayarq, qollardan birinin əvəzini çıxa bildik. Son dəqiqələrdəki əzmkarlığımız isə komanda ruhundan xəbər verir".
Görüşdə komandasının yeganə qolunun müəllifi olan 29 yaşlı yarımmüdafiəçi oyuna ehtiyatdan daxil olmasına münasibət bildirib: "Son oyunlarda mütəmadi olaraq ilk "11-lik"də meydana çıxmışam. Yəqin, baş məşqçiyə elə gəlib ki, yorulmuşam. Amma oyuna girdikdən sonra göstərdim ki, komanda yoldaşlarımı kənardan izləməyi xoşlamıram".
Qeyd edək ki, matçın 64-cü dəqiqəsində meydana çıxan Nazarov cəmi 6 dəqiqə sonra fərqlənib. "Ertsegebirge" 22 turdan sonra 30 xalla 8-ci pillədə qərarlaşıb.