"Açığı, nadir hallarda yemək hazırlayıram. Bu, həftədə cəmi 1 və ya 2 dəfə olur".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Sabah"ın moldovalı futbolçusu Yevgeni Koçuk ölkəsinin mətbuatına açıqlamasında deyib.
Koronavirus pandemiyasına görə ölkəmizdə qalan 27 yaşlı yarımmüdafiəçi karantin dövründə evdəki məşğuliyyətindən söz açıb. Moldova milliinin üzvü bildirib ki, yeməkləri adətən onun həyat yoldaşı hazırlayır: "Ona görə də mənim nə isə hazırlamağıma ehtiyac qalmır. Bu kimi işlərlə xanımım məşğul olur".
Y.Koçuk boş vaxtlarında kitab oxuduğunu və maraqlı filmlərə baxdığını söyləyib: "Məşqçilərin və futbolçuların həyatından bəhs edən avtobioqrafik kitablar oxumağı xoşlayıram. Bu müddətdə Ser Aleks Ferqyusonun və Ceymi Vardinin avtobioqrafiyasını oxumuşam".
Təcrübəli oyunçu formada qalmaq üçün qidalanmasına xüsusi diqqət yetirir: "Kökəlməyə meylli olmasanız da, məşqsiz artıq çəki ala bilərsiniz. Düşünürəm ki, biz sağlam qidalanmalı və sağlamlağımızın qeydinə qalmalıyıq. Əlbəttə ki, məşqləri də unutmuram. Gündə iki dəfə fərdi hazırlaşıram".
Qeyd edək ki, Yevgeni Koçuk cari mövsümün əvvəlində "Səbail" klubunu "Sabah"a dəyişib.