“Devid Moyes mənim üçün ata kimi idi”.
Sportnet.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Maqaye Qeye “The Toffee Blues” nəşrinə açıqlamasında deyib.
30 yaşlı hücumçu İngiltərə “Everton”unda çıxış etdiyi dönəmdən danışıb. Qeye baş məşqçiləri David Moyesin onunla sərt rəftar etdiyini söyləyib: “Amma o vaxt səbəbini bilmirdim, indi başa düşürəm, çünki mənə güvənirdi. Bu şəkildə mənə inamını göstərirdi. Düşünürəm ki, o, məndə bir istedad görürdü, bu səbəbdən hər zaman arxamda idi. Moyesi ata kimi görürəm, o isə mənə oğlu kimi davranırdı”.
Forvard 57 yaşlı mütəxəssisin “Everton”dan ayrılmasının ona pis təsir etdiyini vurğulayıb: “Devid Moyes komandadan gedəndə mənim üçün hər şey dəyişdi. Məyus oldum, çünki o məni istədiyi üçün komandaya gəlmişdim”.
Hücumçu Moyesdən sonra “Everton”a rəhbərlik edən Roberto Martines barədə də fikirlərini bölüşüb: “O, yaxşı insan idi. Martinesə qarşı pis nəsə hiss etmirəm, amma öz oyunçularını komandaya gətirdi və tamam başqa futbol istədi. Demirəm ki, bu mənim futbolum deyil, amma Devid Moyesin rəhbərliyi altında oynamaqdan daha çox zövq alırdım. Martines tamamilə fəlsəfəni və oyunçuları dəyişdi, dərhal planlarında olmadığımı söylədi”.
Qeyd edək ki, Maqaye Qeye 2010 – 2014-cü illərdə “Everton”un formasını geyinib. Devid Moyes 2002 – 2013-cü ildə bu komandanın baş məşqçisi olub. Qeye 2019-cu ilin iyulundan Ağdam təmsilçisində çıxış edir.(Report)