"Azərbaycana getməzdən əvvəl Yunanıstanın "Erqotelis" klubunda çıxış etmişdim. Həmin mövsümü yaxşı keçirdiyimdən yüksək liqadakı bir neçə yunan komandası mənə müqavilə təklif etmişdi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Bakı"nın sabiq futbolçusu Maris Verpakovskis 2003 - 2011-ci illərdə çıxış etdiyi Ukraynanın "Dinamo" (Kiyev) klubunun rəsmi saytına geniş müsahibəsində Azərbaycan təmsilçisinə tranfer barədə danışarkən deyib.
Latviyalı veteran hücumçu bildirib ki, həmin vaxt paytaxt təmsilçisindən aldığı sərfəli təklif onu ölkəmizə gətirib: "O zaman bütün Avropada iqtisadi böhran başladı və mən "Bakı"dan olduqca sərfəli təklif aldım. Artıq 30 yaşım tamamlanmışdı, ailəmi necə təmin edəcəyim barədə düşünməli idim. Maddi planda Yunanıstandakından 4-5 qat sərfəli təklif aldığımdan, Aleksandr Starkovun başçılıq etdiyi "Bakı"ya keçməyə razılıq verdim".
Latviya millisinin keçmiş üzvü Azərbaycan futbolunun həmin dövrdəki səviyyəsinə də toxunub: "Orada 1,5 il vaxt keçirdim, müqaviləmin sonunadək vicdanla oynadım. Amma futboldan zövq almadım. Sözləşmə müddəti başa çatdıqdan sonra isə məmnuniyyətlə Yunanıstana qayıtdım".
Qeyd edək ki, Maris Verpakovskis 2011-ci ilin yayından 2012-ci ilin qışına qədər "Bakı"da oynayıb. Azərbaycan klubunda 27 görüş keçirən veteran futbolçu 3 qol vura bilib.