Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, C liqasının I qrupunda yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edib. Görüş yığmanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Matçın 26-cı dəqiqəsində Mahir Emreli qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub. Buna baxmayaraq, milli ilk hissənin sonlarına yaxın hesabı açmağa nail olub. 43-cü dəqiqədə Namiq Ələsgərovun sağ cinahdan ötürməsini Ramil Şeydayev başla qapıdan keçirib. Birinci yarı bu hesabla başa çatıb.
İkinci hissənin əvvəlində qonaqlar tarazlığı bərpa ediblər. 48-ci dəqiqədə Anton Krivotsyuk avtoqol müəllifi olub. 72-ci dəqiqədə isə lüksemburqlular hesabı öz xeyirlərinə dəyişiblər. Təyin olunan penaltini Gerson Rodriges dəqiq yerinə yetirib. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.
Qrupun digər matçında Monteneqro səfərdə Kipr yığmasını 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 8-də səfərdə Kipr seçməsinə qarşı keçirəcək.
UEFA Millətlər Liqası
C Liqası, I qrup
5 sentyabr
20:00. Azərbaycan - Lüksemburq 1:2
Qollar: Ramil Şeydayev, 43 - Anton Krivotsyuk, 48 (abtoqol), Gerson Rodriges, 72
Qırmızı vərəqə: Mahir Emreli, 26
Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni
Bak Olimpiya Satdionu
Qeyd edək ki, Azərbaycan yığması 3 gün sonra Millətlər Liqasında Kiprin qonağı olacaq.