"Neftçi"nin Azərbaycan Premyer Liqasının IV turunda "Qəbələ" ilə keçirəcəyi oyunun "Dalğa Arena"ya salınmasının səbəbi məlum olub.
Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Sportnet.az-a verdiyi məlumata görə, "Bakcell Arena"nın ot örtüyündə problem yarandığı üçün matçın yeri dəyişdirilib.
Allahverdiyevin sözlərinə görə, meydançaya qulluq edən mütəxəssislər 20-25 gün arenada oyun keçirilməməsinin məqsədəuyğun olduğunu söyləyiblər: "Dedilər ki, bizə vaxt verin, ot örtüyünü restavrasiya edək. Bildirdilər ki, "Bakcell Arena"da 1-2 oyun da olsa, vəziyyət daha da pisləşəcək. Ona görə belə qərara gəldik ki, rəqibi "Dalğa Arena"da qəbul edək".
Qeyd edək ki, sentyabrın 27-dəki qarşılaşma saat 19:00-da başlayacaq.