“Oyun maraqlı alındı. Çempionatın liderlərindən birinə qarşı oynayırdıq. Heyətinə görə rəqib ön pillələrdə gedə biləcək komandadır. “Sabah”la görüşdən sonra komandanı qələbəyə hazırlayırdıq və üç xal qazanacağımıza inanırdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis oyunun keyfiyyətindən çox razı qaldığını bildirib: "Meydanda istədiyim komandanı görə bilirəm. İnanıram ki, oyunlar getdikcə hücum planında daha məzmunlu oyun nümayiş etdirəcəyik".
Baxşıyev Nikolas Rayselin qırmızı vərəqə almasından da danışıb: "Raysel bizim üçün önəmli futbolçulardan biridir. Futbol emosiyalar oyunudur. Qırmızı vərəqəni də emosiyalarla bağlayardım. Onunla danışıqlarımız olacaq və belə halların təkrarlanmayacağına ümid edirəm".
Baş məşqçi ikinci hissədəki nisbətən zəif oyunu fiziki hazırlıqla əlaqələndirməyib: "Azlıqda qalandan sonra mövqe vermədiksə, hazırlıqda problem yoxdur. İlk yarıda dominant futbol göstərməyə çalışdıq, oyunu pressinqdə qurmuşduq. İkinci hissədəki oyun normaldır. Getdikcə daha yaxşı olacağına inanıram. Rafael Utziq iki gündür bizə qoşulub. Ona vaxt lazımdır ki, heyətə uyğunlaşsın”.