"Azərbaycan məsələsi məni təəccübləndirdi. Ölkə futbolu haqqında heç nə bilmirik. Orada hansısa futbolçunu da tanımıram".
Sportnet.az xəbər verir ki, bu fikirləri Qvatemala millisinin qapıçısı Rikardo Jerez ESPN-ə açıqlamasında həmyerlisi Nikolas Hageninin "Səbail"ə keçidi barədə danışarkən deyib.
Kolumbiyanın "Deportivo Kali" klubunda çıxış edən 34 yaşlı təcrübəli qolkiper Hagenin üzdə olan qapıçı olduğunu bildirib: "Gözləyirdim ki, o, futbolun daha vacib olduğu bir yerə getsin. Bu, Hagenin ölkə xaricində ilk təcrübəsidir. Qapıçı şəxsi baxımdan böyüyəcək. Ölkə xaricində oynamaq istəyən oyunçulara dəyər verirəm. Xaricə getmək səni insan kimi yetkinləşdirir, tək yaşamağı öyrənirsən. Hagen yeni dil və mədəniyyət öyrənəcək".
Jerez Hagenin "Səbail"də yaxşı çıxış edəcəyinə inandığını sözlərinə əlavə edib: "Ümid edirəm ki, potensialından tam şəkildə istifadə edə biləcəyi komandaya keçib. Bilirəm ki, onun çox xəyalları var. Bunları həyata keçirmək üçün şəraiti mövcuddur".
Qeyd edək ki, "Səbail" Nikolas Hagenlə 2020/2021 mövsümünün sonunadək müqavilə imzalayıb.