Niderland milli komandasının yeni baş məşqçisi bəlli olub.
Sportnet.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, komanda Frank de Bura tapşırılacaq. Tərəflər 2022-ci ilə qədər müqavilə imzalamağa dair razılığa gəliblər. Bu post Ronald Kumanın İspaniya "Barselona"sına keçidindən sonra boş qalıb.
Qeyd edək ki, Frank de Bur son olaraq ABŞ-ın "Atlanta Yunayted" klubunda çalışıb. 50 yaşlı niderlandlı mütəxəssis əvvəllər ölkəsində "Ayaks", İtaliyada "İnter" və İngiltərədə "Kristal Pelas" kimi komandalara rəhbərlik edib. O, Niderland millisində baş məşqçinin köməkçisi də olub. "Ayaks" De Burun rəhbərliyi altında dörd dəfə ölkə çempionluğu, bir dəfə isə Superkubok qazanıb. Sabiq müdafiəçi 1990 - 2004-cü illərdə milli komandanın formasını geyinib.