"Qarabağ"ın futbolçusu Kvabena Ovusu Mali və Qətərlə yoldaşlıq oyunları üçün Qana milli komandaya çağırılmamasına münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, 23 yaşlı hücumçu "Hot 93.9" radiosuna müsahibəsində yığmanın baş məşqçisi Çarlz Akonnorun qərarının onun üçün gözlənilməz olduğunu söyləyib.
Afrikalı forvard 46 yaşlı mütəxəssisin seçiminə belə reaksiya verib: "Yəqin, mənim çıxışım baş məşqçinin qarşıdakı matçlar üçün tələb etdiyi səviyyədə deyil. Amma həqiqətən təklif gözləyirdim. Çünki Cənubi Afrika Respublikası ilə görüş zamanı Akonnorla bu barədə söhbətimiz olmuşdu".
Qeyd edək ki, Kvabena Ovusu bu ilin yanvarından "Qarabağ"da çıxış edir.