"Qarabağ" komandası Azərbaycan Kubokunun 1/4 final mərhələsində rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Bu barədə Sportnet.az-a klubun direktoru Emrah Çelikel məlumat verib.
Çelikel bildirib ki, "Azersun Arena"nın ot örtüyünü qorumaq üçün bu addımı atıblar: "Kubok oyunlarımızı Peşəkar Futbol Liqasının razılığı ilə mərkəzi arenaya salmışıq. Səbəb oyunlarımızın çoxluğudur. "Azersun Arena" isə əsas stadionumuzdur".
Çelikel çempionatın ikinci yarısında da ev oyunlarını "Azərsun Arena"da keçirəcəklərini sözlərinə əlavə edib: "Əsas məqsədimiz ot örtüklərini ideal vəziyyətdə saxlamaqdır. Suraxanı qəsəbəsindəki stadion şəhərdən uzaq olsa da, şəraiti ilə heç bir stadionumuzdan geri qalmır".
Qeyd edək ki, "Qarabağ" bu mövsüm Çempionlar Liqasının ilk iki təsnifat mərhələsindəki oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. Ağdam komandası Premyer Liqadakı matçlarını isə "Azərsun Arena"da keçirir. Azərbaycan Kubokunda mübarizəyə 1/4 final mərhələsindən başlayacaq "Qarabağ" "Turan Tovuz" - "Qəbələ" cütünün qalibi ilə görüşəcək. İlk görüş 1-2 fevralda, cavab qarşılaşması isə 6-7 fevralda gerçəkləşəcək.