Futbol üzrə Azərbaycan Premyer Liqasında V turdan təxirə salınmış oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ" "Azərsun Arena"da "Səbail"i qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində 18-ci dəqiqədə Ovusu Kvabena, 25-ci və 90+1-ci dəqiqədə Mahir Emreli, 85-ci dəqiqədə isə Patrik Andrade fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Səbail" isə 13 xalla 6-8-ci yerləri bölüşdürür.
Qeyd edək ki, bugünkü matçda 10-cu qolunu vuran Mahir Emreli bombardirlərin siyahısında ilk sıranı ələ keçirib. Onu 8 qolla "Neftçi"dən Namik Ələsgərov izləyir.
------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında V turdan təxirə salınmış oyun keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ" "Azersun Arena"da "Səbail"i sınağa çəkəcək. Hazırda 26 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Ağdam klubu uduzmayacağı halda, liderliyə yüksələcək.
Komandalar bunadək ölkə çempionatında 12 dəfə üz-üzə gəliblər. Bu matçların 10-da "köhlən atlar", 1-də "dənizçilər" sevinib, 1 qarşılaşma isə heç-heçə başa çatıb. Topların nisbəti də meydan sahiblərinin xeyrinədir - 20:2.
“Səbail” yalnız texniki qələbə sayəsində qalib gəlib. Həmin matç nəzərə alınmasa, “Qarabağ” bütün oyunlarda qol vurub.
Azərbaycan Premyer Liqası
V turdan təxirə salınmış oyun
16:00. “Qarabağ” – “Səbail” - 4:0
Qollar: Ovusu Kvabena, 18, Mahir Emreli, 25, 90+1, Patrik Andrade, 85
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 14 oyundan 27 xala malik "Neftçi" başçılıq edir.