
"Gənclər Liqasının ləğvinə görə hələ UEFA tərəfindən bizə hansısa məbləğ ödənilməyib".
Bunu Sportnet.az açıqlamasında "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov deyib.
O bildirib ki, məsələ ilə bağlı Avropa futbol qurumu ilə müzakirələr və danışıqlar davam edir: "Hələ yekun qərar çıxarılmayıb. Biz klubun ziyana düşməsi ilə bağlı UEFA-ya rəsmi müraciət etmişik".
N.Kərimov uşaq liqalarının koronavirus pandemiyası üzündən uzun müddətdir ki, keçirilməməsinə də toxunub: "Son bir aya qədər özümüz AFFA-ya müraciət edib uşaq liqaları ilə bağlı maraqlanmışdıq. Amma hazırda federasiyanın da biləcəyi şey yoxdur. Vəziyyət elədir ki, onlar da plan qura bilmirlər".
Klub rəsmisinin sözlərinə görə, orta məktəblərdə tədris davam etdiyi üçün bəlkə də aşağı yaş qrupunda olan liqaları bərpa etmək olardı: "Bəlkə də mənim bilmədiyim hansısa problemlər var. Bizim üzərimizə düşən məşqlərdir. Klub olaraq hazırlıq proseslərinin məsuliyyətini üzərimizə götürürük. İl ərzində məşqləri dayandırmamışıq. Ancaq bayram tətillərində istirahət olub. Amma yarışın təşkili ilə bağlı sual daha qlobaldır. Biz desək ki, turnirləri bərpa etmək yaxşı olardı, bəlkə bilmədiyimiz nələrsə, var? Təbii ki, biz oynamaq istəyirik. Amma hər şeydən əvvəl sağlamlıqdır, sonra digər məsələlər".
Direktor müavini komandaların 2020-ci ilin martından beynəlxalq yarışlarda da iştirak etmədiyini söyləyib: "Hər il ənənəvi keçirilən turnirləri izləyirik. Hansısa turnirin keçirildiyini və ya planlaşdırıldığını görməmişəm. Bizə də elə dəvət gəlməyib. Bəlkə hansısa turnir ölkə daxilində klublarda gerçəkləşib".
Qeyd edək ki, "Qəbələ" klubunun U-19 komandası martın 4-də UEFA Gənclər Liqasının 1/32 finalında Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gəlməli idi.
"Gənclər Liqasının ləğvinə görə kluba hansısa məbləğin ödənilməsi üşüm UEFA ilə müzakirələr davam edir.