
"Bürünc medalı təmin etdik. Komandada olan hər kəsi təbrik edirəm. "Səbail"ə uğurlar arzulayıram".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Səbail"i 1:0 hesabı iləməğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis mövsümün çətin keçdiyini bildirib: "Səbail" əla çıxış etdi. Aftandil Hacıyev yaxşı komanda qurub. Onlarla oynamaq heç də asan deyil. Bu oyun bizim üçün önəmli idi. Azarkeşlərimizi təbrik edirəm. İlk dəfə bürünc medal qazandıq. Hələ iş bitməyib, bu oyunda qələbə qalib gəldik. Finalda da qələbə gözləyirəm. Kuboka hazırlaşırıq, vaxtımız azdır. Bir daha hər kəsi təbrik edirəm".
"Sabah" - "Zirə" oyununa (2:1) da toxunan Abbasov "qartallar"ın uduzacağını gözlədiyini söyləyib: "Amma söhbət təkcə onlardan getmir, bizim çempionatdan hər şey gözləyirəm. Son 3 turda biz xal itirdik, "Zirə" önə keçdi, sonra əksinə oldu. Bu gün qələbə qazanmasaydıq, vəziyyət başqa cür olacaqdı. Əsas qalib gəlmək idi, bunu da bacardıq".