Danimarka yığmasının baş məşqçisi Kasper Yulman Finlandiyaya 0:1 hesabı ilə uduzduqları Avropa çempionatının ilk tur oyunundan sonra ağlayıb.
Sportnet.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis mətbuat konfransında matç zamanı komandanın futbolçusu Kristian Eriksenin huşunu itirdiyi olayı yada salarkən hisslərinə hakim ola bilməyib.
O bildirib ki, Eriksen ən yaxşı oyunçulardan biridir və insan kimi daha da yaxşıdır. Yulmanın fikrincə, belə bir ağır gecə hamıya ən vacib məsələnin insan həyatı olduğunu xatırladıb. Baş məşqçi bir-birinin qayğısına qalan komanda üzvləri ilə fəxr etdiyini vurğulayıb.
Qeyd edək ki, iki saatadək təxirə salınmış görüş Kristian Eriksenin səhhəti ilə bağlı müsbət xəbərdən sonra bərpa olunub.