“Neftçi” komandası Azərbaycan Premyer Liqasının XIII turunda "Sumqayıt”la keçirəcəyi oyuna itkilərlə hazırlaşır.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bir günlük fasilədən sonra noyabrın 30-da hazırlığı bərpa edən kollektiv bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Əsasən toplu və taktiki çalışmalardan ibarət olan hazırlıq prosesində zədəlilər - Aqil Məmmədov və Mamadu Mboc iştirak etməyiblər. Əvəzində, bunadək fərdi məşğul olan Tiaqo Bezerra komanda ilə məşq edib.
Qeyd edək ki, dekabrın 5-də "Bakcell Arena"da keçiriləcək “Neftçi” – “Sumqayıt” görüşü saat 16:00-da başlayacaq.