"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrə "Bazel"inin qonağı olub. "Sankt-Yakob Park" stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Görüşə sürətli hücumlarla başlayan “köhlən atlar” 2-ci dəqiqədə hakim haqsızlığı ilə üzləşib. Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini keçsə də, referi qolu qeydə almayıb. Buna baxmayaraq, ruhdan düşməyən qonaqlar ardıcıl 2 epizodda İbrahima Vadji ilə qola yaxın olublar. Lakin hər iki halda “Bazel”in qapıçısı Haynts Linder seneqallı hücumçunun fərqlənməsinə mane olub. Qolkiper az sonra Patrik Andradenin təhlükəli zərbəsini zərərsizləşdirib. 24-cü dəqiqədə Şahruddin Məhəmmədəliyev rəqibin təhlükəli hücumu zamanı çıxışda səhv yol verib. Amma özünü topa hamıdan tez çatdıran Maksim Medvedev komanda yoldaşını sığortalayıb. 29-cu dəqiqədə isə meydan sahiblərinin hücumçusu Artur Kabralın qol vurmasına Məhəmmədəliyev imkan verməyib. O, braziliyalı forvardla üzbəüz dueldən qalib ayrılıb. Oyunda hesab 33-cü dəqiqədə açılıb. Kabral baş zərbəsi isə “Qarabağ”ı meydanın mərkəzinə dəvət edib. İlk hissədə tərəflər çox çalışsa da, hesab dəyişməyib.
Fasilədən sonra da üstün oyun sərgiləyən ağdamlılar 2 dəqiqə ərzində iki real qol epizodu yaxalasa da, Vadji fürsətləri boşa verib. 53-cü dəqiqədə Məhəmmədəliyev Kabralın dubl etməsinin qarşısını alıb. Lakin “Bazel” cəmi 9 dəqiqə sonra istəyinə çatıb. Bu dəfə Patyim Kasami adını tabloya yazdırıb. 65-ci dəqiqədə Kabralın başla vurduğu top qapı tirinə tuş gəlib. 74-cü dəqiqədə isə 23 yaşlı forvard özünün 2-ci, komandasının 3-cü qoluna imza atıb. Bundan sonra “Qarabağ” ən azından fərqi azaltmaq üçün irəli atılsa da, cəhdlər heç bir nəticə verməyib.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Bazel” qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. “Qarabağ” isə mübarizəni pley-offda davam etdirəcək.
Qeyd edək ki, qrupun digər oyununda Qazaxıstan “Kayrat”ı Kiprdə “Omoniya” ilə qolsuz heç-heçəyə razılaşıb.
------------------------------------------
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Sportet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrə "Bazel"inin qonağı olacaq. "Sankt-Yakob Park" stadionunda oynanaılacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edəcək. Bu komandalar arasında Bakıdakı oyunda hesab açılmayıb.
Qrupdan çıxması dəqiqləşmiş hər iki kollektiv 1/8 finala birbaşa vəsiqə uğrunda mübarizə aparacaq. Ağdam təmsilçisi qrupu ilk pillədə bitirmək üçün səfərdə mütləq qalib gəlməlidir. Meydan sahiblərini isə heç-heçə də qane edəcək.
"Qarabağ"ın heyətində Bədavi Hüseynov, Xayme Romero və Qaspar Panadero zədə səbəbindən oynamayacaq. Zədəsini yenicə sağaltmış Kevin Medinanın meydana çıxması sual altındadır. "Bazel"in heyətində yeganə itki isə sol cinah müdafiəçisi Andrea Padulanın zədəli olmasıdır.
Bu oyun "köhlən atlar" üçün avrokuboklarda yubiley matçı olacaq. Komanda beynəxalq arenada 140-cı görüşünə çıxacaq.
Qeyd edək ki, bu qrupun digər oyununda Kipr "Omoniya"sı Qazaxıstan "Kayrat"ını qəbul edəcək.
UEFA Konfrans Liqası
Qrup mərhələsi, VI tur
00:00. "Bazel" (İsveçrə) - "Qarabağ" (AZƏRBAYCAN) - 3:0
Qollar: Artur Kabral, 33; 74 Paytim Kasami, 62
Hakimlər: Fran Yoviç, Xrovye Radiç, Luka Puşiç, İvana Martinçiç (hamısı Xorvatiya)
Bazel, "Sankt-Yakop Park" stadionu.
Xal durumu: "Bazel" - 14, "Qarabağ" - 11, "Omoniya" - 4, "Kayrat" - 2.