"Həm özümün, həm də komandanın adından cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Əvvəllər də olduğu kimi həqiqətən bizə çox böyük dəyər verdi".
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klub üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə danışarkən deyib.
49 yaşlı mütəxəssis bildirib ki, bu görüşlərdən sonra komandada inam daha nda çoxalır: "Üçüncü dəfə idi qəbulunda olurduq. Bu, bir daha ölkə başçısının futbola olan sevgisini, vətənpərvərliyini göstərir. Dəfələrlə öz xalqına olan haqsızlıqlara çəkinmədən etirazını bildirib. Bu gün bir daha bunun şahidi olduq".
Onun sözlərinə görə, İlham Əliyev "Qarabağ"ın İsveçrə "Bazel"i ilə UEFA Konfrans Liqasının qrup oyununda Abdullah Zubirin vurduğu qolun qeydə alınmaması ilə bağlı fikrini bildirib: "Demək olar ki, hər incəlikləri bildirdi. Bu da onu göstərir ki, bütün oyunları izləyir, hər zaman öz xalqı, idmançıları ilə maraqlanır. Çox dəyərli görüş oldu. Hamı görüşdən razı çıxdı. Belə görüşlər işimizdə daha da məsuliyyətli olmağa vadar edir. Çünki oyunlarımızın hamısını izləyir və bizə dəyər verir. Bu halda həddindən artıq diqqətli və çalışqan olmalıyıq. Həyatda bundan daha dəyərli, böyük mükafat ola bilməz".