Polşa Futbol İttifaqı və Ekstraklasa Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" komandasının yerli azarkeşlərin hücumuna məruz qalması ilə bağlı bəyanat yayıb.
Sportnet.az-ın məlumatına görə, hər iki qurum rəsmi saytı vasitəsilə baş vermiş insidenti qınayıb. Bildirilib ki, oyunçulara, məşqçilərə, hakimlərə və idman yarışlarının digər iştirakçılarına qarşı istənilən zorakılıq halları yolverilməzdir:
"İnsident səlahiyyətli dövlət orqanları və futbol ictimaiyyəti ilə əməkdaşlıq çərçivəsində tam aydınlaşdırma tələb edir. Polşa Futbol Assosiasiyası və Ekstraklasa gələcəkdə oxşar hadisələrin qarşısının alınması üçün səyləri dəstəkləyəcək. Futbolda zorakılıq və ya təcavüz olmamalıdır".
Qeyd edək ki, fanatlar "Legiya"nın "Visla"ya 0:1 hesabı ilə uduzduğu Ekstraklasanın XVIII tur oyunundan sonra Varşava təmsilçisinin futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.