1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: Mübaliğə, yoxsa reallıq?
Vüqar MƏMMƏDOV
“Qarabağ” Futbol Klubu, UEFA Avropa Konfrans Liqasının qrupunda növbəti mərhələyə çıxmağa imkan verən yeri tuta bildi. Bu nəticə bir ilkdir. Yəni indiyədək Azərbaycan futbol tarixində başqa bir futbol klubumuz qrup mərhələsini aşa bilməmişdi.
Bu hadisədən bir müddət öncə, komanda həmin Konfrans Liqanın qrup mərhələsinə vəsiqə qazananda Rəşad Sadıqov öz İnstagram səhifəsindən Qurban Qurbanovla şəklini paylaşaraq onun haqqında bu sözləri yazmışdı: “Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyan HOCAMIZ!”
Doğrudanmı Qurbanov Azərbaycan futbolunu çiyinlərində daşıyır? Yəni Rəşad belə bir söz yazmaqla mübaliğə etmirmi? Gəlin bunu aydınlaşdırmağa çalışaq.
Avrokuboklarda çıxış edən klubların ölkələr üzrə əmsalının (коофциент) hesablanmasını yəqin ki, idman mətbuatında çalışanların çoxu bilir. Ancaq futbola maraq göstərib bundan məlumatı olmayanlar da ola bilər. Ona görə də ölkələrin klub əmsalının necə hesablanmasını qısaca izah etmək istəyirəm. Çünki bu, demək istədiklərimlə birbaşa əlaqəlidir.
Deməli, ölkələrin klub əmsalını hesablamaq üçün avrokuboklarda çıxış edən komandaların nəticələrinə baxılır. Qələbəyə iki (təsnifat mərhələsində bir) xal, heç heçəyə görə bir (təsnifat mərhələsində yarım) xal verilir. Məğlubiyyətə isə xal verilmir. Qazanılan xallar həmin mövsüm avrokuboklarda ölkəsini təmsil edən klubların sayına bölünür, bununla da ölkənin klub əmsalı tapılmış olur.
Hesablama hər il ölkə klublarının nəticələrinə görə bu şəkildə davam edir. Son beş ilin toplam əmsalına əsasən ölkələrin sıralaması müəyyənləşir və bu sıralamaya görə avrokuboklarda çıxış edəcək klub sayı dəqiqləşir. Yuxarı yerləri tutan ölkələr daha çox klubla təmsil olunur, aşağı sıralara gəldikcə say tədricən azalır. Belə bir şəraitdə aydındır ki, hər bir klub bacardıqca yaxşı nəticə göstərməlidir ki, ən azı ölkəsinin əmsalını yüksəldə bilsin.
Gəlin, başa düşülməsi rahat olması üçün misallar üzərindən, ölkəmizin nümunəsində baxaq.
Azərbaycan cari mövsümdə Avropada dörd komanda ilə təmsil olunub – “Neftçi” (çempion), “Keşlə” (kubokun sahibi), “Qarabağ” (ikinci yer), “Sumqayıt (üçüncü yer)”. Bu komandalardan “Qarabağ” 13, “Neftçi” 3, “Sumqayıt” 0.5 xal toplayıb, “Keşlə” isə xal qazana bilməyib. “Qarabağ” hələ də çıxışını davam etdirdiyindən onun ölkə adına əlavə xallar ala bilməsi ehtimalı sürür. Beləliklə klublarımız hal hazıradək 16.5 xal toplaya bilib.
İndi gəlin ölkəmizin bu mövsüm üçün hal-hazıradək olan dövrə klub əmsalını tapaq. Bunun üçün klublarımızın qazandığı xalı (16.5) bu mövsüm avrokuboklarda çıxış edən klub sayına, yəni dördə bölək. Alınan rəqəm bu il klublarımızın ölkəmiz üçün yığdığı əmsaldır – 4,125.
Düşünürəm ki, avrokuboklarda ölkə əmsalının necə tapılmasını izah edə bildim. Burada, bəzi etaplarda (məsələn, yarımfinala, finala çıxmağa görə) bonus xallar verilməsi kimi detallar da var ki, biz bunların üstündə çox dayanmayacağıq. Çünki sözümüzün məğzi bu deyil.
Azərbaycan klublarının qazandığı 4,125 əmsal hazırkı mövsüm üçün 55 ölkə arasında 23-cü nəticədir. Təbii ki, bunu ölkəmiz adına normal nəticə saymaq olar. Amma başqa cür də ola bilərdi.
Gəlin, bir az da detallara girək.
Məsələ burasındadır ki, Azərbaycan klublarının bu il qazandığı 16.5 xaldan 13-nü bir komanda, “Qarabağ” toplayıb. Ağdam komandasının əldə etdiyi bu rəqəm Azərbaycan klublarının ümumi topladıqları xalların 80 faizini təşkil edir. Təsəvvür edirsizmi? Ölkə adına gələn xalların yüzdə səksənini bir komanda qazanıb. Bu mövsüm avrokuboklarda çıxış edən digər 3 klubumuz isə ölkəmiz adına toplanan xalların 20 faizi əldə etməyi bacarıb.
Əgər Azərbaycan Avropada bir klubla, “Qarabağ”la təmsil olunsaydı onda onun topladığı xallar 1-ə bölünəcəkdi və nəticədə Azərbaycanın klub əmsalı 13 olacaqdı. Belə bir nəticə olsaydı indi Azərbaycan klub əmsalında Avropada dördüncü olardı. Hal-hazırda 13-dən yuxarı klub əmsalı olan üç ölkə – Niderland, İngiltərə və Fransadır ki, onların da nəticəsi bu rəqəmdən cüzi yuxarıdır.
İndi də gəlin əksini düşünək. Tutalım “Qarabağ” yarışda yoxdur, digər üç klubumuz, “Neftçi”, “Sumqayıt”, “Keşlə” ilə Avropada təmsil olunmuşuq. Bu üç komandanın hazırkı avrokubok mövsümündə topladığı xalların cəmi 3.5-dir. Əmsalı hesablayıb çıxartsaq, yəni toplam xalı (3.5) klub sayına (3) bölsək cəmi 1.167 əmsal edər. Bu isə Avropada 50-ci nəticədir, başqa sözlə sondan beşinci. Yaxşı ki, belə deyil, yoxsa acınacaqlı mənzərə alınardı.
Avrokuboklar oyunları demək olar ki, hər mövsüm bizim üçün eyni şəkildə davam edib. Əksər mövsümlərdə “Qarabağ” qrupadək yüksəlib, digər klublar bir-iki mərhələdən sonra ələnərək yarışdan çıxıb. Hal-hazırda mənim əlimdə əvvəlki beş ilə aid rəqəmlər yoxdur. Amma əminəm ki, əksər illərdə “Qarabağ” xalların təxminən 80 faizini, digər üç komanda isə 20 faizini yığıb. Deyəsən Pareto qanununa bənzədi.
Yuxarıdakı müqayisə nəyi göstərir? Bu o deməkdir ki, obrazlı ifadə etsək, Qurbanovu və onun “Qarabağ”ını Azərbaycan futbolundan ayırıb tərəzinin bir gözünə qoysaq, digər gözünə də Qurbansız və “Qarabağ”sız Azərbaycan futbolunu qoysaq heç şübhəsiz Qurbanov və onun “Qarabağ”ı dəfələrlə ağır gələr.
Rəşad Sadıqovun Qurban Qurbanov haqqında yazdığı “Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyan HOCAMIZ!” statusu bununla da öz təsdiqini tapmış olur. Burda zərrə qədər də mübaliğə, yaxud şişirtmə yoxdur.
Dostluğumda digər klublarımızın azarkeşləri də var. Onlara hörmətimə rəğmən deyə bilərəm ki, “Qarabağ” haqqında dediklərim boş tərif yox, ortada olan rəqəmlərin verdiyi faktlardır.
Şübhəsiz, Qurbanov bu uğuru təkbaşına qazanmayıb. Burada rəhbərliyin verdiyi dəstək vacib amillərdən biridir. Eyni zamanda köməkçilərinin zəhməti də var. Xatırlayıram ki, Qurban hoca “Qarabağ”a təzə gələndə bir müddət nəticə olmadı. Amma rəhbərlik onunla davam etməkdən vaz keçmədi və indi bəhrəsini də görür. Klubda düzgün idarəçilik olmasa məşqçi nə qədər güclü olursa olsun nəticə olmaz.
Bu və bu kimi digər faktlar göstərir ki, ən düzgün iş “Qarabağ”da qurulub. Digər klubların əksərində çalışanlar futbolumuza göstərdikləri xidmətləri ilə nəinki bizi irəli aparır, əksinə geri salırlar. Ən azı Avropadakı nəticələri belə deməyə əsas verir. Baxın, səhv etmirəmsə “Keşlə” AFFA-nın ən çox pul ayırdığı klubdur. Amma nəticələri... Sən ölkə daxilində istədiyini edib Azərbaycan kubokunu ala bilərsən, amma çıxıb Avropada 0 xal toplamaqla, daha dəqiqi xal toplamamaqla Azərbaycanı biabir etməkdən başqa bir iş görə bilməyəcəksən.
Hər hansı sahənin inkişafı üçün pul vacib amillərdən biridir. Amma insan, fərd, şəxsiyyət amili daha önəmlidir.