"Ayxan Abbasov 3 ildən çox müddətdə komandamızın baş məşqçisi olub. Bu illər ərzində klubda ilklərə imza atan mütəxəssis idi. Amma son dönəmlərdə ardıcıl məğlubiyyətlər seriyası oldu. Səbəblərini deməyəcəyəm, çünki uzun məsələdir".
Soprtnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt" klubunun idman direktoru Zamiq Hüseynov baş məşqçi Ayxan Abbasovun istefaya göndərilməsinə münasibət bildirərkən deyib.
O, 40 yaşlı mütəxəssislə görüşdüklərini, ona təşəkkür etdiklərini və gələcək karyeralarında uğurlar arzuladıqlarını söyləyib.
Hüseynov "baş məşqçiyə təzminat ödəniləcəkmi" sualına bu cür cavab verib: "Bu, müqavilənin maliyyə tərəfləridir, mediaya və mətbuata demək düzgün deyil. Sözləşmə ilə bağlı detalları açıqlamağın tərəfdarı deyilik".
Klub rəsmisi mütəxəssisin istədiyi futbolçuları heyətə qatdıqlarını vurğulayıb: "2020/2021 mövsümündə Premyer Liqada 3-cü yeri tutmuşduq. Mövsüm bitəndən sonra istənilən futbolçunun gəlib-getməsi baş məşqçinin səlahiyyətində olan məsələlərdir. Heç vaxt onun işinə müdaxilə etməmişik, həmişə öz seçimini edib. Baş məşqçi hansısa oyunçunu istəmirsə, biz ona deyəsi deyilik ki, bu futbolçunu saxla, qalmalıdır".
Direktor cari mövsüm çempionatda pis nəticələr əldə etdiklərini söyləyib: "Biz I dövrənin ikinci oyununda qələbə qazandıq. Bir müddət oldu ki, məğlubiyyət seriyası yarandı. Arada bir heç-heçə əldə etdik, sonra isə "Səbail"ə qalib gəldik. 14 tur ərzində göstərdiyimiz nəticə Ayxan Abbasovun klubda olduğu müddətdə ən aşağı göstəricidir".
Hüseynov yeni baş məşqçi təyinatı üçün kifayət qədər vaxtlarının olduğunu sözlərinə əlavə edib: "Qarşıdan qış fasiləsi gəlir. Futbolçular da istirahətdədir. İclas olacaq və ondan sonra baş məşqçi ilə bağlı qərara gələcəyik".