Fransanın məşhur "90min.com" saytı "Marsel"in "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının pley-off oyunlarındakı şanslarını qiymətləndirib.
Sportnet.az-ın məlumatına görə, yerli media Marsel təmsilçisinin Ağdam klubunu asanlıqla keçə biləcəyini yazıb.
Bildirilib ki, Xorxe Sampaolinin baş məşqçi olduğu kollektivin "köhlən atlar"ı məğlub etmə şansı 70 faizdir: "Qarabağ" Avropa təcrübəsi olan rəqibdir. Lakin yerli çempionatın zəif olması onlara əsl rəqabət təklif etmir. Komanda bu mövsüm liqada cəmi bir dəfə uduzub. Digər məğlubiyyət isə Konfrans Liuqasında İsveçrə "Bazel"i ilə səfər oyununa təsadüf edib".
Bu qarşıdurmada "Marsel"lə bağlı yeganə çətinliyin uzaq yol olduğunu qeyd edən portal evdəki ilk matçda qələbə qazanmağın önəmini xüsusi vurğulayıb: "Əks halda, komandanın işi çətin olacaq. Bir sözlə, "Marsel"in "Qarabağ"ı məğlub edə biləcək silahı var. Amma Avropa Liqasındakı səhvlər təkrarlanmamalıdır".
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.