"Genduzi mənə söylədi ki, müsəlmansan, həqiqəti deməsən, Tanrı səni cəzalandıracaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu İbrahima Vadji Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları oyunda əli ilə qol vurduqdan sonra qonaqların yarımmüdafiəçisi Matteo Genduzi ilə aralarındakı insident barədə danışarkən deyib.
Seneqallı hücumçu bildirib ki, komandasına qələbə lazım olduğu üçün topa əllə toxunduğunu etiraf etməyib: "Bizim üçün çətin idi. "Marsel"in futbolçuları qolu əlimlə vurduğumu söylədikdən sonra mənə təşəkkür etdilər".
27 yaşlı forvard baş məşqçi Qurban Qurbanovun hərəkətinə də münasibət bildirib: "O, ciddi insandır. Yalan danışmağı sevmir. Mənim üçün də ağır idi. Çünki topa əlimlə toxunmuşdum. Bunu kapitanıma və komanda yoldaşlarıma dedim. Baş məşqçi bildirdi ki, biz əllə qol vurmalı deyilik, məsuliyyəti öz üzərinə götürməlisən. Ona görə də hakimlə danışmağa getdim. Nəticədə referi qolu ləğv etdi".