FIFA prezidenti Canni İnfantino Rusiya klubları və yığmalarını beynəlxalq yarışlardan kənarlaşdırmalarının səbəbini açıqlayıb.
Sportnet.az xəbər verir ki, 52 yaşlı funksioner baş verənlərə görə kədərləndiyini bildirib.
O, FIFA prezidenti kimi 4 il ərzində dünyada baş verən münaqişələrlə məşğul olduğunu xatırladıb: "İnsanlar əziyyət çəkir, beynəlxalq ictimaiyyət isə lazım olanı etmir. Rusiya klubları və yığmalarının yarışlarda iştirakını dayandırmaq məcburiyyətindəyik. Bu, asan qəbul edilmiş qərar deyil. Rusiya ilə bağlı qərar bir ay əvvəl verilib. Rusiya Futbol İttifaqı İdman Arbitraj Məhkəməsinə müraciət edib və məhkəmənin qərarını gözləyirik. Bundan sonra nə olacağını birlikdə görəcəyik".
Fevralın sonlarında FIFA və UEFA Rusiya klubları ilə yığmalarını Ukraynaya hərbi müdaxilə səbəbindən beynəlxalq yarışlardan müvəqqəti uzaqlaşdırıb. Rusiya Futbol İttifaqının qərardan İdman Arbitraj Məhkəməsinə verdiyi şikayətə aprel-mayda baxılacağı gözlənilir.