İspaniyanın daha bir təmsilçisi UEFA Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, "Real Madrid" evdə turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubuna 2:3 hesabı ilə uduzsa da, ilk matçdakı qələbə (3:1) sayəsində adını növbəti mərhələyə yazdırıb.
Oyuna istədiyi kimi başlaya bilməyən "kral klubu" 15-ci dəqiqədə Meyson Mauntun vurduğu qolla məğlub duruma düşüb. 51-ci dəqiqədə Antonio Rüdiger hesab arasındakı fərqi artırıb. 67-ci dəqiqədə Markos Alonso meydan sahiblərini 3-cü dəfə məyus etsə də, VAR-ın müdaxiləsindən sonra topun ələ dəydiyi məlum olub və qol ləğv edilib. Buna baxmayaraq, qonaqlar 75-ci dəqiqədə 3-cü topu Madrid təmsilçisininin qapısından keçirib. "Çelsi"nin heyətində Timo Verner fərqlənib. 80-ci dəqiqədə Rodriqo buraxılan toplardan birinin əvəzini çıxıb və oyunu əlavə vaxta daşıyıb. 96-cı dəqiqədə səhnəyə çıxan Kərim Benzema isə komandasını yarımfinala yüksəldən qola imza atıb. "Real Madrid" finala gedən yolda "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) görüşünün qalibi olacaq.
-------------------------------
UEFA Çempionlar Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.
Sportnet.az-ın məlumatına görə, İspaniyanın "Vilyarreal" klubu növbəti mərhələyə yüksəlib.
Evdəki ilk matçda Almaniya "Bavariya"sını 1:0 hesabı ilə məğlub edən La Liqa təmsilçisi cavab görüşündə də güclü rəqibinə uduzmayıb - 1:1. Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub. Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı bərabərləşdiriblər və bu nəticə "Vilyarreal"ı 16 ildən sonra yarımfinala daşıyıb. İspaniya təmsilçisinin növbəti raunddakı rəqibi "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) cütünün qalibi olacaq.
Gecənin digəri oyununda isə İngiltərənin "Çelsi" klubu İspaniyada "Real Madrid"lə qarşılaşır. Matçın əsas vaxtı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə də eyni hesab qeydə alındığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılır.
----------------------------------
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək.
Sportnet.az-ın məlumatına görə, bununla da yarımfinalın ilk 2 iştirakçısı bəlli olacaq.
Turnirin əsas favoritlərindən olan İspaniya "Real Madrid"i İngiltərənin "Çelsi" klubunu qəbul edəcək. Londondakı ilk matçda 3:1 hesablı qələbə qazanan "kral klubu" üstünlüyünü qorumağa çalışacaq. Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Meydan sahiblərinin heyətində Eder Militao cəzalı, Eden Azar və İsko zədəli olduğu, Xesus Valyexo isə koronavirusa yoluxduğu üçün meydana çıxa bilməyəcəklər. Qonaqlardan isə Ben Çiluel, Sesar Aspilikueta və Romelu Lukaku zədə səbəbindən oynamayacaqlar.
Gecənin digər matçında Almaniya "Bavariya"sı evdə İspaniya "Vilyarreal"ı ilə üz-üzə gələcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan La Liqa təmsilçisi növbəti dəfə sensasiya etmək arzusundadır. Matçın baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq.
Münhen təmsilçisindən Niklas Züle, Erik Şupo-Motinq və korenten Tolisso zədəlidir. Qonaqlardan isə Alberto Moreno eyni səbəbdən oyunu buraxacaq. Bulaye Dianin isə matçda iştirakı sual altındadır.
Çempionlar Liqası, 1/4 final
Cavab oyunları
12 aprel
23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:3 (ƏLAVƏ VAXTDA - 1:0)
Qollar: Rodriqo, 80. Kərim Benzema, 96 - Meyson Maunt, 15. Antonio Rüdiger, 51. Timo Verner, 75
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 3:1
23:00. "Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 1:1
Qol: Robert Levandovski, 52 - Samuel Çukvueze, 88
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun - 0:1
Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək. İngiltərə "Liverpul"u Portuqaliya "Benfika"sını, İspaniyanın "Atletiko" (Madrid) komandası isə İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək.