"Azərbaycan yığması kifayət qədər layiqli rəqibdir. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik. Rəqibin necə oyun göstərəcəyi də çox önəmlidir".
Sportnet.az-ın məlumatına görə, bunu Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adiyev evdə Azərbaycan yığmasına qarşı UEFA Millətlər Liqasının I tur matçından əvvəl mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis iyunda 4 qarşılaşma keçirəcəklərini xatırladıb: "Bu səbəbdən, gücümüzü bölməyə çalışacağıq. İlk görüşümüz Azərbaycan seçməsinə qarşı olacaq. Əlimizdə olan futbolçularla kifayətlənəcəyik. Artıq heyətə başqa kimlərisə dəvət etməyəcəm. Bu oyunçularla qarşıdakı 4 matçda mübarizə aparacağıq".
Adiyev sabahkı görüşdə balanslı oyuna üstünlük verəcəklərini söyləyib: "İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" komandaları arasındakı UEFA Çempionlar Liqasının final matçını nümunə göstərə bilərəm. Hücum futbolu oynayaraq 0:5 hesabı ilə məğlub ola bilərsən. Amma balanslaşdırılmış futbol sərgiləyərək, qalib gəlmək mümkündür. "Liverpul" - "Real Madrid" matçı bunun bariz nümunəsidir".
Qeyd edək ki, iyunun 3-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.