Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqşi olduğu komanda C Liqasının 3-cü qrupunda Slovakiyanı qəbul edib.
III tura təsadüf edən matçın əvvəlləri qonaqların üstünlüyü şəraitində keçsə də, tədricən təşəbbüsü ələ alan Azərbaycan millisi ardıcıl 2 epizodda təhlükəli hücumla yadda qalıb.
Əvvəlcə Azər Salahlının sol cinahda iki oyunçunu keçdikdən sonra qapı qarşısına iti ötürməsinə Emin Mahmudov istədiyi kimi zərbə endirə bilməyib. Ardınca isə Renat Dadaşov qapıçı ilə təkbətək dueldən məğlub ayrılıb. Hücumun davamında Salahlı topu ələ keçirsə də, fürsətdən yararlana bilməyib.
Hissənin sonlarına doğru Ramil Şeydayev sağ cinahda topu qəbul etsə də, qapıya zərbə endirmək mümkün olmayıb. Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
Tərəflər ikinci yarıya daha ehtiyatlı başlayıblar. 46-cı dəqiqədə Renat Dadaşovun yerinə meydana Mahir Emreli daxil olub. 55-ci dəqiqədə isə Qara Qarayev Riçard Almeydanı əvəzləyib. 1 saatın tamamında qonaqların fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev mane olub.
Yığmanın kapitanı Maksim Medvedev zədələndiyi üçün 65-ci dəqiqədə Bədavi Hüseynovla əvəzlənib. 76-cı dəqiqədə rəqibin oyunçusu Lukaş Qaraslinin zərbəsi təhlükəli alınsa da, qapının yanından keçib. Baş məşqçi Canni De Byazi 79-cu dəqiqədə Abbas Hüseynova şans verib. 27 yaşlı müdafiəçi Emin Mahmudovun yerinə meydana daxil olub.
81-ci dəqiqədə Slovakiya millisinin futbolçusu Vladimir Vayss hesabı açıb. O, çoxgedişli kombinasiyanı dəqiq zərbə ilə tamamlayıb.
83-cü dəqiqədə Lukaş Qaraslinin fərqi iki topa çatdırsamasına Şahruddin Məhəmmədəliyev icazə verməyib. İki dəqiqə sonra Qaraslin topu qapıdan keçirsə də, VAR sisteminə müraciət olunduqdan sonra oyundan kənar vəziyyət qeydə alınıb.
Beləliklə, qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə bitib - 1:0.
Qeyd edək ki, ilk turda Qazaxıstan seçməsinə 0:2 hesabı ilə uduzan Azərbaycan millisi daha sonra Serbiyada Belarusla qolsuz bərabərə qalıb. Komanda iyunun 13-də IV turda Bakıda Belarus yığmasını qəbul edəcək. Qrupun digər görüşündə Qazaxıstan Belarusla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
-------------------------
Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edəcək.
"Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi litvalı Donatas Rumsas olacaq.
Azərbaycan seçməsi ilk görüşündə səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub, daha sonra isə Serbiyada Belarusla qolsuz bərabərə qalıb. I turda Serbiyada Belarusa 1:0 hesabı ilə qalib gələn qonaqlar ikinci qarşılaşmasında Qazaxıstana eyni hesabla uduzub. Bu yenilgidən sonra baş məşqçi Ştefan Tarkoviç istefaya göndərilib.
Azərbaycan millisi indiyədək Slovakiya ilə 6 dəfə üz-üzə gəlib. Bu matçların 5-də məğlub olan yığma yalnız 2001-ci ildə Bakıda DÇ-2002-nin seçmə mərhələ oyununda qələbə qazanıb. Komandanın qollarını Vadim Vasilyev və Zaur Tağızadə vurub.
Qrupun digər görüşündə Belarus Serbiyada Qazaxıstanla qarşılaşacaq.
UEFA Millətlər Liqası
C Liqası
3-cü qrup
20:00. Azərbaycan - Slovakiya - 0:1
Qol: Vladimir Vayss, 81
Baş hakim: Donatas Rumsas (Litva)
Bakı. "Dalğa Arena"