"Azərbaycan çempionu əsasən hücum futbolu oynayır və müdafiə olunmağı sevmir. Rəqib qol şansları yaratmaqdan, matça nəzarət etməkdən həzz alır".
Sportnet.az-ın məlumatına görə, bunu Macarıstan "Ferentsvaroş"unun futbolçusu Kristoffer Zakariassen Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə yerli mətbuata açıqlamasında deyib.
28 yaşlı yarımmüdafiəçi bildirib ki, sabahkı qarşılaşmada kifayət qədər diqqətli olmalıdırlar: "Elə etməliyik ki, rəqib öz oyun üslubunu bizə qəbul etdirə bilməsin. Əvvəllər Azərbaycanda olmamışam. Bu, Bakıya ilk səfərimdir. İnanıram ki, evə xoş xatirələrlə qayıdacağam".
Norveçli oyunçu Ağdam klubunu ətraflı analiz etdiklərini söyləyib: "Saata baxmadım. Amma peşəkar məşqçilər heyəti əvvəlki oyunlardan öncə olduğu kimi, bu dəfə də təhlil zamanı bizə xeyli məlumat verdi".
Təcrübəli futbolçu "köhlən atlar"ın onlara qarşı da hücum futbolu sərgiləyəcəyini düşünür: "Geri çəkiləcəklərinə inanmıram. Evdə oynayacaqlar və əlbəttə, tribunalarda çoxlu tamaşaçı olacaq. Dediyim kimi, hücumda çox təhlükəlidirlər. Açığı, bizə qarşı başqa taktika seçsələr, təəccüblənərdim. Baş məşqçi (Qurban Qurbanov - red.) 2008-ci ildən komandanın sükanı arxasındadır. Ona görə də futbolçuları çox yaxşı tanıyır. Oyunçular baş məşqçinin onlardan nə gözlədiyini bilirlər".
Zakariassen "Qarabağ"ın müasir oyun üslubuna üstünlük verdiyini vurğulayıb: "Doqquzqat çempion olmaları təsadüfi deyil. Ötən mövsümdə cəmi bir məğlubiyyət alıblar və 13 top buraxıblar. Mərhələni keçmək üçün əlimizdən gələni etməliyik. Öz futbolumuzu oynaya bilsək, Bakıda heç-heçə bizi qane etməyəcək. Yaxşı mübarizə və maraqlı oyun gözləyirik. Komandada özünəinam yerindədir".
Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.