"Qarabağ"ın futbolçusu Kadi Borges "Report"un suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Almaniyada "Frayburq"a 1:2 hesabı ilə məğlub oldunuz. Nəticə qazana bilməməyinizə əsas səbəb nə idi?
- Bu cür matçlarda xırda detallar həlledici olur. Bəzən oyunun taleyini də bunlar həll edir. Bizdə də belə oldu. Qarşılaşmanın əvvəlində bir az diqqətsiz oynadığımızı düşünürəm.
- İlk 15-20 dəqiqədə komandada həyacanın olmasının səbəbi nə idi: Bəlkə stadiondakı atmosfer oyunçulara təsir edirdi?
- Hər oyunçu belə atmosferə fərqli reaksiya verir. Bu, kiməsə təsir edə bilər. Komandada həyacanın olması ilə bağlı hansısa səbəb deyə bilmərəm.
- Bunu bəzi oyunçuların təcrübəsizliyi ilə əlaqələndirirsiniz?
- Kimdəsə hansısa təcrübə çatışmazlığı ola bilər. Bu barədə dəqiq fikir söyləyə bilməyəcəyəm.
- Oyunun sonlarındakı mübahisəli penalti epizodu ilə bağlı nə deyə bilərsiniz: Komandanızın haqqının yeyildiyini düşünürsünüz?
- Məncə, hakimlərin hansısa epizodla bağlı qərar vermək üçün baxış bucağı və özlərinin meyarları var. Bu məsələ haqqında çox danışmaq istəmirəm. Bu, onların qərarıdır və ona hörmətlə yanaşmalıyıq.
- Avropa Liqasında növbəti matçı Fransanın "Nant" komandasına qarşı keçirəcəksiniz. Evdə oynamaq sizin üçün üstünlükdür?
- Belə qarşılaşmalarda azarkeş amili vacibdir. Fanatlar görüşdə önəmli rola malikdir. Elə məqam olur ki, tərəfdarların dəstəyi komandanı irəli getməyə sövq edir. Azarkeşlər matçda əlavə üstünlük hesab oluna bilər. Bu, futbolçular üçün də fərqlidir. Elə oyunçular üçün evdə oynamaq daha rahatdır, bəziləri üçün isə fərqi yoxdur.
- Bu gün Azərbaycan Premyer Liqasının VI turunda "Sabah"la görüşəcəksiniz. Oyun haqqında nə deyə bilərsiniz?
- "Sabah" ciddi rəqibdir. Heyətlərini gücləndiriblər və məqsədləri cari mövsüm yaxşı nəticələr qazanmaqdır. Biz də bunun fərqindəyik. Belə güclü komandaların çempionatda çox olması, rəqabətə davamlılıq xoşuma gəlir. Bu, istənilən halda, çempionata maraq qatır.
- 4 gün sonra Avropa Liqasının qrup mərhələsinin II turunda "Nant"la üz-üzə gələcəksiniz. Ondan sonra isə çempionatda "Zirə" ilə qarşılaşacaqsınız. Bu cür sıx qrafik komandaya təsir edə bilərmi?
- Belə qrafikdə oynamağı bəyənirəm. Hər 3-4 gündən bir oynamaq və daim ritmdə olmaq xoşuma gəlir. Sıx qrafikin komandaya təsir edəcəyini düşünmürəm.