"Bəlkə də "Qarabağ"ın tarixindəki ən gözəl matç idi. Möhtəşəm oynadıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Funksioner bildirib ki, "köhlən atlar" statistik göstəricilərdə rəqibini tam üstələyib: "Topa sahibolma nisbəti 55:45 bizim tərəfimizdə idi. İkinci hissədə 10 nəfərlə oynasaq da, yenə matça biz nəzarət edirdik. Pasların dəqiqliyi 82 faiz idi. Bunlar önəmli rəqəmlərdir".
T.Gözəlin sözlərinə görə, qrupdakı vəziyyət "Nant"ın vurduğu qollardan sonra dəyişib: "Yaddan çıxarmayaq ki, rəqib Bundesliqa təmsilçisi idi. Büdcələri 100 milyonlarla ölçülür. Futbolçularının dəyəri 3-5 milyon arasında dəyişir. Əlbəttə, "Qarabağ"la fəxr edirəm. Çox gözəl oyun alındı".
O, UEFA Konfrans Liqasında öz sözlərini deyəcəklərini vurğulayıb: "Arzum əvvəlcə 1/4 final, arcınca isə yarımfinaldır. Finaladək getmək istəyirik. özümüzə inanırıq. Bu mövsüm Avropa Liqasının ən yaxşı 3 komandasından biri məhz "Qarabağ"dır".
Transfer məsələsinə də toxunan klub prezidenti indiki məqamda bunu fikirləşmədiklərini əlavə edib: "Çünki pəncərə bağlıdır. Gələcəkdə isə komanda mütləq güclənəcək. Hər zaman bu barədə düşünürük. Daim axtarışdayıq".
T.Gözəl hakim idarəçiliyindən narazılığını gizlətməyib: "Mənə xoş təsir bağışlamadı, peşəkarlıqdan uzaq göründü. Qırmızı vərəqəyə layiq deyildik. Çox ağır qərar oldu. Bu, gələcək matçlarımıza da təsir göstərəcək. Vurduğumuz qollar sayılmadı. Həm sevindik, həm üzüldük. Lakin qərarlara hörmətlə yanaşırıq".
Konfrans Liqasında hədəflərinin böyük olduğunu söyləyən funksioner mübarizənin davam etdiyini bildirib: "Millət olaraq, son damla qanımıza qədər vuruşacağıq. Bu gün "Qarabağ"ın arxasındakı güc bizə ümid verir. Bizi buraya gətirən Ali Baş Komandanın, xalqın inamıdır. Sonadək mübarizə aparacağıq. Hələ deməyə sözümüz var".