İspaniya "Real Madrid"inin sabiq baş məşqçisi Zinəddin Zidan ona gələn bir neçə təklifi qəbul etməyib.
Sportnet.az "L'Equipe"ə istinadən xəbər verir ki, fransalı mütəxəssis ABŞ, Braziliya və Portuqaliya millilərindən təklif alsa da, bunlardan imtina edib.
Bunun əsas səbəbi kimi isə onun Fransa yığmasına rəhbərlik etmək istəməsi göstərilir. Düzdür, bu, yaxın gələcəkdə gözlənilmir. Çünki Fransa Futbol Federasiyası Didye Deşamla müqaviləni 2026-cı ilə qədər yeniləyib.
Həmçinin, onun dilini bildiyi ölkənin millisində çalışmağa üstünlük verəcəyi qeyd edilib. Zidan ingilis dilini deyil, ispan dilini mükəmməl bilir. Buna görə ABŞ-dan gələn təklifə "yox" deyib.
Qeyd edək ki, Zinəddin Zidan sonuncu dəfə "Real Madrid"ə başçılıq edib və bu komanda ilə 3 dəfə Çempionlar Liqasının və 2 dəfə İspaniya La Liqasının qalibi olub.