"Qəbələ"nin futbolçusu Rafael Utziq virusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Antalya şəhərində Rumıniyanın "Sepsi" komandası ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, braziliyalı hücumçu xəstə olduğu üçün komandaya qoşulmayıb: "Qarşıdakı günlərdə onun durumuna aydınlıq gələcəyinə ümid edirik".
Matçla bağlı fikirlərini bölüşən Baxşıyev yaxşı və intensiv oyun alındığını söyləyib: "Hər iki komanda meydanda ən yaxşı keyfiyyətlərini göstərməyə çalışırdı. Əlbəttə, optimal formada deyilik. Amma gündən-günə komanda o formaya yaxınlaşacaq. Antalyada təşkil olunan təlim məşq toplanışı yaxşı keçir. Futbolçular məşqlərdə səylə çalışırlar. Qarşıda bizi ağır oyunlar gözlədiyini bilirlər. Transferlərlə bağlı yenilik yoxdur. Bəzi mövqelərə, daha çox hücumameylli yeni oyunçuların olması mütləqdir".
O, mövsümün ikinci yarısındakı hədəfləri barədə danışmaq istəməyib: "Komandamız əlindən gələnin ən yaxşısını etməyə çalışacaq".