Molde…
Norveçin kiçik və eyni zamanda ən məşhur şəhərlərindən biri. Kimisi buranı qızılgüllərinə, kimisi müxtəlif festivallarına, kimisi isə şəhərlə eyni adı daşıyan futbol klubuna görə tanıyır. Elə məhz axrıncı çəkdiyim misal, içi mən qarışıq 15 müxtəlif KİV-dən olan jurnalist üçün buraya səfər etməyə səbəb oldu.
Noyabrın 29-u səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq aeroportundan təyyarə havaya qalxdıqdan nə az, nə çox - 6 saat sonra Atlantik okeanının sahilindəki Molde şəhərinin aeroportuna eniş etdik. Təyyarədən çölə ilk addımımızda artıq Norveçin qorxulu tərəfini bədənimizdə hiss etdik - soyuq. Havanın dərəcəsi mənfi 7 idi. Həmin an hər kəsin ağlına gələn ilk sual: “Bu havada futbolçularımız necə oynayacaq?” idi. Yoxlanışdan keçdikdən sonra xüsusi avtobusla yollandıq 1 gecəmizi keçirəcəyimiz otelə. Xoşbəxtlikdən, qalacağımız otel “Aker” stadionuna ayaqla cəmi 5 dəqiqəlik məsafədə idi.
Yerli vaxtla saatın günorta 3 olmasına baxmayaraq, artıq yavaş-yavaş havanın qaraldığını gördük. Bəlkə də, həyatımda ilk dəfə qaranlıq havada nahar etdim. Bu anda hamımız Norveçin digər Avropa ölkələrindən nə qədər fərqli olduğunun fərqinə vardıq.
.. Gecə bitdi, saat oldu 10 yalnız biz hələ də günəşin üzünə həsrət idik. Yalnız 10:30-da havanın işıqlanmaq istədiyini gördük. Bizim üçün çox qəribə bir görüntü idi. Gün ərzində cəmi 4-5 saat günəş üzü görən norveçlilər, olduqca soyuq ölkədə yaşamaqlarına baxmayaraq, bizə qarşı çox isti münasibət göstərirdilər. Azərbaycan adını çəkən kimi, bəziləri Xəzər dənizindən, bəziləri “Qarabağ”dan, bəziləri isə “Eurovision”dan söz açırdılar. Təbii ki, uzaq Skandinaviya ölkəsində Vətənimizin tanınması, insanda qürur hissi yaradırdı.
Yerli əhalidən aldığımız məsləhətlər sonrası bir sıra görülməli yerlərə gedərək, şəkillər çəkdirib, Molde şəhərinin möhtəşəm mənzərəsindən həzz aldıq. Daha çox yaşlı nəslin yaşadığı Moldedə çox da əyləncə üçün məkanlar tapmadıq. Yaşlı deməyimə baxmayaraq, necə deyərlər, çoxusu dəyər min cavana. Sağlam həyat tərzini özlərinə prioritet bilən norveçlilər, qar, şaxta, soyuq demədən öz qaçışlarından, velosiped yürüşlərindən və s. kimi kifayət qədər zəhmət tələb edən “aktivite”lərdən çəkinmirlər.
Saatlar keçdi, gözlənilən an gəlib çatdı. Həmkarlarımla birgə üz tutduq oyunun keçiriləcəyi stadiona. Qabaqcadan əldə etdiyimiz məlumata əsasən bilirdik ki, oyunda az sayda azərbaycanlı azarkeş olacaq. Məhz bu səbəbdən stadionun “K” sektoruna gedərək, onlardan oyun barədə öz fikirlərini soruşduq. İçlərində məni ən çox cəlb edən isə
Rasim Əhmədov adlı həmyerlimiz oldu. Rasim 15 ildir ki, artıq ABŞ-ın Masaçusets ştatında yaşayır. Orada öz biznesi, həyatı var. O, bir neçə ay qabaqdan bu oyuna marağın böyük olacağını təxmin etdiyini bildirdi:
“Sentyabrda artıq biletləri əldə etmişdim, püşkatmadan dərhal sonra. Hiss etmişdim ki, bu oyun həlledici olacaq. İnşallah, məsələni burada həll edəcəyik və Bakıdakı matçın nəticəsi simvolik olacaq. Çempionumuzdan yalnız qələbə gözləyirik".
Rasimlə bərabər oyuna gələn hər kəs, komandamıza çox inanırdı. Havanın mənfi dərəcədə olmasına baxmayaraq, oyunun həyəcanı içi mən qarışıq heç kimə üşüməyə imkan vermirdi.
“Qarabağ” 2 ay bundan əvvəl Bakıda Tofiq Bəhrəmov adına Respublika stadionunda Norveç çempionuna minimal hesabla qalib gəlmişdi. Bu dəfə isə eyni rəqib üzərində istənilən hesablı qələbə bizi tariximizdə ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə aparacaqdı.
Nəhayət, start fiti verildi. Ağdam təmsilçisi oyuna çox yaxşı başladı. İlk dəqiqələrdən komandamız təşəbbüsü ələ aldı. Çox uzun çəkmədi ki, 11-ci dəqiqədə “Qarabağ”ın 9 nömrəsi, Juninyo hesabı açaraq, “köhlən atlar”ı hesabda 1:0 önə keçirdi. Hər kəs qolların davamının gələcəyini gözləsə də, qarşımızdaki mənzərə heç də ürəkaçan deyildi. Komanda qoldan sonra oyunun idarəçiliyini tamamilə rəqibə verərək, müdafiə futbolu oynamağa başladı. Çətinliklə də olsa, ilk hissəni qalib tərəf olaraq başa vurduq. Təbii ki, burada qapıçı Andrey Lunyovun da zəhmətini vurğulamasaq, düz olmaz.
2-ci hissə başladı. Dəyişən heç bir şey yox idi. Molde təmsilçisinin təzyiqi davam edirdi. 15 dəqiqə sonra görüşdə yeganə qolun müəllifi Juninyo, əzələsində narahatlıq hiss etdiyi üçün, əvəzlənməsini istədi. Üstündən 18 dəqiqə sonra isə, 78-ci dəqiqədə komandamızın əsas müdafiəçilərindən biri Kevin Medina xəsarət alaraq, meydanı tərk etdi. Olanlar elə bundan sonra oldu. Ev sahibi Medinanın meydanı tərk etməsini fürsət bilib, təzyiqi daha da artırdı. Qorxduğumuz başımıza gəldi. 82-ci dəqiqədə hesab bərabərləşdi. Məyus olsaq da, heçnə itirmədiyimizi anlayırdıq, çünki heç-heçənin sərf etdiyi tərəf biz idik. Lakin cəmi 3 dəqiqə sonra Molde künc zərbəsindən fərqləndi. Artıq komandamız 1:2 hesabı ilə məğlub durumda idi. Bu hesab isə bizim Avropa Liqasının pley-off xəyallarımızın üstündən demək olar ki, xətt çəkirdi. Taktiki düzülüş dəyişdi. Artıq hücum edən tərəf biz olduq. Və, həmin an… Elvin Cəfərquliyev Abdullah Zubirin ötürməsindən sonra paraleldə dayanan Bəhlul Mustafazadəni görür və ona ötürmə edir. Bəhlul isə öz növbəsində sadəcə topa toxunaraq onu qapı xəttindən keçirdir.
"Molde" çarəsizlikdən yerə yıxılarkən, “Qarabağ” tərəfi sevincdən ağlayacaq duruma gəlib çatır. Final fiti səslənir və “köhlən atlar” pley-offa getmək üçün şansını qoruyub saxlayır.
Qorxulu, yorucu və həyəcanlı bir matçdan sonda komanda ilə birgə 2 gün öncə eniş etdiyimiz aeroporta yola düşdük. Yoxlanışdan keçdik və əyləşdik təyyarəmizə.
Cəmi 48 saat idi Bakıdan uzaq idik, amma sanki illərdir Vətən həsrəti çəkirmişik kimi, şəhərimizin isti havasından ötrü çox darıxmışdıq. 5 saatlıq uçuş sonrası, “odlar yurdu”muza geri döndük.
Yəqin ki, həyatım boyu unutmayacağım bir təcrübə oldu mənim üçün ilk ezamiyyət. Növbəti səfərlərdə, növbəti uğurlarla!
Vahid Abbasov. Bakı - Molde - Bakı