Misirdə bədii gimnastika üzrə “Egyptian Pharaohs cup” adlı beynəlxalq turnir keçirilib.
Sportnet.az xəbər verir ki, yarışda çıxış edən Azərbaycanın bədii gimnastları ölkəmizi uğurla təmsil ediblər.
Turnirdə Arzu Cəlilova böyüklər arasında, Alina Məmmədova gənclər yaş qrupunda, Məryəm Əliyeva, Gövhər İbrahimova və Aydan Rəhimova isə yeniyetmələr arasında çıxış edib.
Cəlilova topla nümayiş etdirdiyi proqramına görə bürünc medal qazanıb.
Yeniyetmələrin yarışlarında A qrupunda çıxış edən İbrahimova və Əliyea 2 proqram üzrə qalib olublar. Gövhər gürzlərlə, Məryəm isə topla hərəkətlərdə həmyaşıdlarından fərqlənərək 1-ci olub.
Qızlar çoxnövçülükdə və halqa ilə çıxışlarına görə də fəxri kürsüdə mövqe tutmağı bacarıblar. Hər iki proqram üzrə Gövhər gümüş, Məryəm isə bürünc medala layiq görülüb.
Yeniyetmələrin yarışlarında B qrupunda çıxış edən Aydan Rəhimova isə yarışdığı hər 3 proqramda (çoxnövçülük, alətsiz və halqa) ilk pillədə qərarlaşıb.
Alina Məmmədova gənclərin çoxnövçülük yarışında 45 gimnast arasında 16-cı olub.