Küveytin karate üzrə milli komandasının sabiq baş məşqçisi, hazırda "Əl-Şabab" klubunda çalışan azərbaycanlı mütəxəssis Elnur İbrahimovun Sportnet.az-a müsahibəsi
- Küveyt yığmasının idmançıları Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) bayrağı altında qatılacaqlar. Bu qərar ölkədə necə qarşılanıb?
- Məlum olduğu kimi, Beynəlxalq Olimpiya Komitəsi Küveyt idmançılarının beynəlxalq yarışlarda iştirakına qadağa qoyub. Bildiyim qədərilə, Küveyt dövləti idmançılarının İslamiadaya İSSF bayrağı altında qatılmaları üçün vəsait ayırmır. Bununla belə, bir neçə növ üzrə komanda Bakıya yollanmalıdır. Onlar arasında xüsusən, güllə atıcılarını qeyd etmək olar. Hansı ki, olimpiadalarda yüksək nəticələr göstəriblər. Siyasət idmana qatıldığı üçün belə bir problem yaranıb.
- Elə isə əvvəllər Küveyt yığmasında çalışmağınızda hansı stimul var idi?
- Mən 2009 - 2014-cü illərdə Küveyt millisində çalışarkən, yarışlara gedirdik, heç bir problem yox idi. 2014-cü ildə Vətənə döndükdən sonra istər Azərbaycanda, istərsə də Küveyt millisində əldə etdiyim nəticələrə baxmayaraq, məni işlə təmin etmədilər. Əvəzində məşq keçməyən birini milli komandaya baş məşqçi qoydular. 2015-ci ildə isə Küveytin bütün yarışlarda təmsil olunmasına qadağa qoyuldu. Həmin ilin oktyabrında məni Küveyt klubuna dəvət etdilər. Mən də təklifi qəbul etdim. Hazirda "Əl-Şabab" klubunda baş məşqçi kimi çalışıram. Hazırkı işimdən razıyam. Klubun uşaqlar, yeniyetmələr, gənclər və böyüklər üzrə baş məşqçisiyəm. Burada mənzillə təmin olunmuşam, ildə bir dəfə ailəvi təyyarə bileti klub tərəfindən verilir. Millidə çalışdığım vaxt isə hətta mənə avtomobil də ayrılmışdı.
- Küveyt yığmasından niyə ayrıldınız?
- Küveyt Karate Federasiyasında hər 4 ildə bir dəfə seçkilər olur. Yeni rəhbərlik gəldikdən sonra müqaviləni dayandırdıq. Amma "Salmiya" klubuna dəvət aldım və orada 1 il çalışdım. Klub tarixində ilk dəfə çempion olduq. Buraxmırdılar, lakin televiziyada xaricdə çalışan soydaşlarımıza Azərbaycanda şərait yaradılacağı haqda fikirlərlə tanış olduqdan sonra Vətənimə dönməyə qərar verdim. Qayıtdıqda isə tam əksi ilə qarşılaşdım.
- İndiyədək hansı nəticələrə nail olmusunuz?
- 2016-2017-ci illərdə Küveyt liqasında ən yüksək göstərici ilə birinci yerə çıxdıq. Küveyt millisindən ayrıldıqdan sonra da bir il başqa klubda çalışdım və onunla da tarixdə ilk dəfə çempion olduq. Hazırkı klubumda isə ilk dəfə 8 kubokdan 7-ni qazanmışıq. Liqada 4 dövrənin hamısını çempion kimi başa vurmuşuq. 7 ildir böyüklərdən ibarət komanda 1-ci yerə çıxa bilmirdi. Bu il biz qazandıq və ilk dəfə Liqanı 16 xalla başa vurduq, 13 qat çempion olduq. Amma çox təəssüf ki, Azərbaycanda hər dəfə haqqım tapdandı. Məşq keçib uşaq yetişdirməyənlər baş məşqçi oldular.
- Sizi Azərbaycanda niyə işlə təmin etmədilər?
- O sualı səlahiyyətli şəxslərə versəniz, daha yaxşı olar. Dünya və Avropa çempionu yetişdirən, bu gün hamının tanıdığı Rafael Ağayevin 2003-cü ildə gənclər arasında dünya çempionatında bürünc medal qazanmasına və 2004-cü ildə böyüklər arasında Avropa çempionatında fransalı Aleks Biamontinin hökmranlığına son qoymasına böyük köməyim dəydiyi halda, kənarda qaldım. 2006-cı ildə iki tələbəm gənclər arasında Avropa çempionatının bürünc medalını qazanmışdı. Məni televiziyaya dəvət etdilər ki, gəl, sən danış, sənin yetirmələrindirlər. Gəldim, çıxış elədim. Amma efirdə hamını göstərdilər, bircə məndən başqa. 2007-ci ildə Türkiyənin Antalya şəhərinə köçdüm. Oranın bir klubundan dəvət almışdım. 2008-ci ildə məni məşqçim Füzuli Musayev geri çağırdı. Səbəb o vaxtkı baş məşqçi Hidayət Şabanovun işdən öz ərizəsi ilə uzaqlaşması və real namizəd kimi məni o vəzifəyə təyin etmək idi. Gəldim və doğrudan da iclas keçirib təyin etdilər. Amma 3-4 ay sonra məni işdən uzaqlaşdırıb yerimə hazırkı baş məşqçi Rəhman Hətəmovu qoydular. 2009-cu ildə isə Kuveyt yığmasından təklif gəldi.

- Bəs Rafael Ağayev öz nüfuzundan istifadə edib federasiya rəhbərliyinin Sizi işlə təmin etməməsinə qarşı çıxmadı?
- O vaxt Rafael gənc idi. Sonra onun başı ağrıyar deyə, özüm razı olmadım. Digər tərəfdən, hər şeyin düzünü Allah bilir. Deməli, orda nə isə var ki, məsləhət deyil.
- "Məşq keçməyən məşqçi" dedikdə kimi nəzərdə tutursunuz: Yığmanın baş məşqçisi Rəhman Hətəmovu?
- Rəhman Hətəmov, Rəşad Hüseynov və Seymur Hüseynovu. Mən ağ kəmərdən uşaq yetişdirib Avropa və dünya çempionu etmişəm. Karatedə demək olar ki, hamı mənzil aldığı halda, məşqçi kimi verdiyim nəticələrə baxmayaraq, ortada heç nə yoxdur. Mənə çətinliklə Əməkdar məşqçi adı verdilər. Amma bu adı layiq olmayanlar da daşıyır.
- Bəs onlar hansı xidmətlərinə görə, məşqçi kimi saxlanılıblar?
- Yaxşı nəticə verən idmançılar olublar. Bu, danılmaz faktdır. Amma niyəsini onlardan soruşun.
- Yəni, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirovdan soruşmaq lazımdır?
- Təkcə Yaşar Bəşirov yox, Ülvi Quliyev və Füzuli Musayevdən də... Onlar daha yaxşı bilirlər. Amma Yaşar müəllim Azərbaycanda karatenin inkişafına inanılmaz köməklik göstərib. Bugünkü səviyyənin səbəbkarı odur.
- Həmin vaxt heç yerə şikayət etmədiniz?
- Gənclər və İdman Nazirliyinə şikayət etdim. Məcbur olub 1 ildən sonra məni gənclər yığmasına hamıdan az maaşla - 500 manata məşqçi qoydular. 2-3 ay keçməmiş vəzifəmi azaldaraq, gənclər və yeniyetmələr yığmasına köməkçi-məşqçi təyin etdilər. Həmin vaxt Küveytdən təklif gəldi. Yaşar Bəşirova deyərək, təklifi dəyərləndirdim və bura gəldim. Burada nə qədər qalacağımı isə Allah bilir.
- Siz federasiya prezidentinin, yoxsa baş məşqçinin dəyişilməsini istərdiniz?
- Mən heç kimin dəyişdirilməsi haqda fikirləşmirəm. Qoy, onlar öz gələcəklərini fikirləşsinlər.
- Deməli, Küveytdəki işiniz Sizi qane etsə də, Azərbaycana qayıtmağın əleyhinə deyilsiniz...
- Azərbaycan mənim Vətənimdir. Sumqayıtda doğulmuşam. Öz məhəlləmizdən və ya digər məhəllədən şəhid görəndə, hər dəfə dəniz kənarında kross qaçanda Şəhidlər Xiyabanında uyuyan şəhidlərin sayının artdığını gördüyüm halda, mən kiməm ki, Vətənin üzünə ağ olum?
- Amma hər halda karyera baxımından daha da irəliləmək üçün xaricdə çalışmaq da bir çoxlarının istəyidir...
- Karyeram ərzində Avropa, Asiya və dünya çempionları vermişəm. Asiya Oyunlarında, Ərəb Birliyi çempionatlarında, Körfəz çempionatında qızıl medallar qazanmışıq. Karyera baximimdan, geriyə boylandıqda baş məşqçi kimi nəticələrim yaxşı olub.
- Xaricdə davam etməkdə qərarlısınız?
- Müqaviləmi gələn il üçün də yeniləyəcəyəm. Hazırda Küveyt klubunda çalışıram. Amma nə vaxtsa Azərbaycan millisində çalışmağım üçün rəsmi təklif gəlsə, Vətənimə qayıtmağa razı olaram.
- Xəbəriniz varmı ki, Azərbaycan Beynəlxalq Bankı AMKF-yə sponsorluğu dayandırıb?
- Xəbərim var. Yuxarıda da buna görə qeyd etmişdim ki, Allah hər şeyin düzünü bilir. Əsas odur ki, burada halal maaşımı alıram, balalarım halal puldan qidalanırlar. Bunlar mənə bəs edir. Ailəm hazırda Bakıdadır. Qızım voleybolla məşğul olur. Oğlum "Barselona" və "Milan" Akademiyasında futbol dərsi alıb, hazırda "Səbail" klubunun 11 yaşadək futbolçulardan ibarət komandasında Rövşən Qasımovun rəhbərliyi altında 10 nömrəli oyunçu kimi çıxış edir. U-11 çempionatında 8 yaşında 12 qol vurub. Komandası isə 3-cü yer uğrunda görüşdə doğulduğum Sumqayıtın komandasına uduzaraq, 4-cü yeri tutub. Buna görə oğlum mənə deyir ki, günahkar sənsən, sən də Sumqayıtdansan. Ailəm uşaqların təhsili ilə əlaqədar bu il Küveytə gələ bilmədi. Amma gələn ildən yanıma köçəcəklər.
- İslamiadada Azərbaycanın karate yığmasından nə gözləyirsiniz? Ümumiyyətlə, karateçilərimizin hazırlıq səviyyəsi barədə nə deyə bilərsiniz?
-Qələbə arzulayıram. Hazırda Azərbaycan komandası top-ölkələr arasındadır.
- Özünüz yaxın vaxtlarda Azərbaycana gəlməyi düşünürsünüz?
- Mayın 9-da İslamiada ilə əlaqədar Küveytdən hakim dostlarım gələcəklər. Mən də onlarla bərabər gələcəyəm.