Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Gənc cüdoçulardan ibarət yğma Çexiya paytaxtındakı Avropa çempionatında qarışıq komanda yarışında bürünc medal qazandı. Bu nəticə sizin üçün sürpriz olmadı?
- Təbii ki, sürpriz olmadı. Çempion olmağa çalışırdıq. Oğlan cüdoçularımız fərdi yarışlarda 5 medal qazanmışdılar. Ardından komanda yarışına qatılarkən, onlarda bir qədər yorğunluq var idi. Gürcüstanla 1/4 final qarşılaşmasında Vüsal Qələndərzadə fərdi mübarizədə yendiyi rəqibinə burada vazari xalları ilə uduzdu. Bu, normal haldır. Əsas odur ki, fərdi mübarizədə mükəmməl güləşdilər. Qarışıq komanda yarışında isə tarixi nailiyyətə imza ataraq, ilk dəfə gənclər arasında üçüncü yeri tutduq.
- Cüdoçuların fərdi mübarizədəki çıxışlarını necə dəyərləndirirsiniz?
- Çox mükəmməl güləşdilər. 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazandıq və bir də 5-ci yeri tutan idmançımız oldu. Bu nəticələr çox sevindiricidir. Həqiqətən idmançılarımızla qürur duydum. Layiqli güləşdilər, çox gözəl mübarizə oldu, hamısı vuruşdu. Hər çəkidəki cüdoçularımız layiqli çıxış etdilər və medallar qazandıq. Bu, zarafat deyil, 3 dəfə himnimiz səsləndi. Gümüş və bürünc medal qazanan idmançılarımız da oldu. Ümumilikdə fərdi mübarizədə 5 medal qazanmaq böyük nailiyyətdir. Bu münasibətlə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. İdmançılara gözəl şərait yaradıblar. Cüdoçuların təlim-məşq toplanışları vaxtında təşkil olunur. Hazırlıq proseslərində güc yığıblar, öz güclərini də bu yarışda sınadılar və nəticə də verdilər.
- Yarışlardan sonra da komanda ilə birlikdə iclas keçirir, təhlillər aparırdınız. Bu təhlillərdən sonra komanda üzvlərinə hansı fikirləri aşılayırdınız?
- İlk olaraq, bu etimadı mənə göstərdiyi üçün federasiya rəhbərliyinə təşəkkür edirəm. Cüdo mənim evim, ailəmdir. Qızlar bacım, oğlanlar isə qardaşlarımdır. Mən də bu yolu keçmişəm. Keçdiyim yoldakı müsbət məqamları idmançılara deyirəm və onların yanında oluram. Onlara deyirəm ki, sizdən güclüsü yoxdur. Onlar da motivasiya olaraq, baxırlar ki, bu sözləri olimpiya çemnpionu deyir. Cüdoçularımıza söyləyirəm ki, gələcəkdə olimpiya çempionu olacaqsınız. Əsas odur ki, onlar da dinləyirlər, qulaq asırlar. Nəticə də göz qabağındadır. Bizim dediklərimizi beyinlərinə alıb, analiz etdikdən sonra nəticə göstərirlər. Bu, çox sevindirici haldır.Komandamızda nizam-intizam, böyük-kiçik münasibəti mövcuddur. Bu gün çox yaxşı cüdoçularımız var.
- Baş məşqçi amili də qələbələrdə xüsusi rol oynayır. Qələbə hamının olur, amma uduzanda o, daha çox məsuliyyət daşıyır. Bu mənada kişilərin və qadınların baş məşqçilərinin işlərini necə qiymətləndirirsiniz?
- Qızlardan ibarət komandanın üzərində işləyir, onlara inanırıq. Gələcəkdə xanımlarımız da fəxri kürsünün ən yüksək pilləsinə çıxacaqlar. Hər şey buradan başlayır. Qadınlarımız qarışıq komanda yarışında bizi sevindirdilər. Fərdi mübarizədə bir idmançımız zədələndi. Amma komanda yarışında hamı yaxşı güləşdi. Qadınları da oğlanların səviyyəsinə çatdırmaq gələcək planlarımızdan biridir. Bunun üçün iş gedir.
- Qadın cüdosunda Türkiyə təcrübəsindən yararlanmaq fikriniz varmı? Qardaş ölkə məhz qızların sayəsində ümumi medal sıralamasında birinci oldu...
- Türkiyə bizə qardaş ölkədir. Özümüzü onlarla müqayisə etmək istəməzdim. Çünki onların fiziki göstəricisi daha yaxşıdır. Məqsədimiz qızları yaxşı səviyyəyə çatdırmaqdır. Onlar yeniyetmələrin dünya çempionatında ikinci yeri tutdular. Vaxt gələcək və bizim qadın cüdoçularımız Avropada, dünyada öndə gedənlərdən olacaq.
- Bu komandaya legionerin cəlb olunma ehtimalı varmı? Tokio-2020 Yay Olimpiya Oyunlarında da cüdoda yeganə medalı məhz İrina Kindzerska qazanmışdı...
- Legionerin gəlib-gəlməyəcəyi ilə bağlı hazırda nəsə deyə bilmərəm. Gələcəkdə nə məsləhət görülsə, o da olacaq.
- Qarşıdan ilin ən göyük cüdo yarışı gəlir. Özbəkistanın paytaxtı Daşkənddə dünya çempionatı keçiriləcək. Bu gənclərdən əsas komandaya hansısa oyunçunun cəlb olunmaq üçün perspektivi varmı?
- Əsas yığmanın baş məşqçisi Riçard Trautmandır. Düşünürəm ki, o, artıq millinin heyətini təqdim edib. Buradakı idmançılarımızın əksəriyyəti Bakıda keçiriləcək Böyük Dəbilqədə iştirak edəcəklər. Hər şeyin öz vaxtı var. Bunlar hazırda gəncdirlər. 60 kq-da Turan Bayramov, 81 kq-da Elcan Hacıyev Böyük Dəbilqə və Qran Pri turnirlərində medal qazanıblar. Amma dünya çempionatı üçün heyət artıq demək olar ki, bəllidir.
- Mundialdakı hədəf də bəllidirmi?
- Cüdo elə idman növüdür ki, bu sualın cavabını heç kim deyə bilməz. Oradan gözəl nailiyyətlə Vətənə dönəcəyimizə inanıram.
- Azərbaycanın hansısa cüdoçusu dünya çempionu ola bilərmi? Elxan Məmmədovun davamçısı olmağın vaxtı yetişibmi?
- Bizim məqsədimiz də budur. Mundialda qızıl medal qazanmaq istəyirik.
- Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Trautmanın təqdimat mərasimində bildirmişdi ki, indiyədək də nailiyyətlər olub, amma sistemli iş görmək istəyirik. Sistem deyəndə nə nəzərdə tutulurdu və həmin sistem artıq nəticə verməyə başlayıbmı?
- Rəşad Nəbiyev nə deyibsə, düz deyib. Sistemli iş odur ki, bizim hədəflərimiz uzunmüddətlidir.
- Burada komanda ilə birlikdə olan performans direktoru Mark van der Ham barədə nə deyə bilərsiniz?
- O, çox ağıllı, idmandan mükəmməl biliyi olan mütəxəssisdir. Yeniyetmələr, gənclər və böyüklər üçün proqramlar yazılır və məşqçilərlə söhbət olunur. O da bizimlə birlikdədir. Cüdoçu bu gün çıxış edirsə, gecədən onun rəqibini analiz edirik. Hər dəqiqənin öz hökmü var. Cüdoçu hansı dəqiqədə necə güləşməli olduğunu bilməlidir.